Siyahıda cəmi 1 oğlan çıxdı: "Cəmiyyətdə çaşqınlıq yaradırıq" - AÇIQLAMA

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanı zamanı maksimal 300 balı toplayan 14 abituriyentdən 13-nün qız olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir qisim qızların təhsilə cəlb edilməsi və yüksək nəticə göstərməsini alqışlasa da, digər qisim maksimal balı oğlanlar arasında yalnız 1 abituriyentin yığmasından narahatlığını ifadə edib.

Sosial şəbəkə istifadəçiləri arasında bunu kişilərin elmdən və təhsildən sürətlə uzaqlaşması kimi şərh edənlər də var.

Bəs doğrudan da kişilər təhsildən və elmdən uzaqlaşırmı?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elmin Nuri hesab edir ki, bu barədə konkret nəticəyə gəlmək üçün hələ tezdir. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlar bitdikdən sonra ümumi nəticələri açıqlamasını gözləmək lazımdır:

"Məsələyə gender aspektindən yanaşmağın qətiyyən tərəfdarı deyiləm. Ümumiyyətlə, təhsil və elm sferasında gender amilinin heç bir rol oynamadığını düşünürəm. Kişi və qadının elm və təhsildə birinin digərindən güclü olması barədə ifadələri yığışdırsaq, yaxşı olar. 

Bu, axı ümumi statistika deyil. Biz yalnız 3 mart buraxılış imtahanlarının bir statistikasını bilirik. O da maksimal bal toplayan uşaqlarla bağlıdır. Biz bilmirik ki, 250-300 bal aralığında neçə faiz abituriyent nəticə göstərib, onlardan neçə faizi oğlan, neçə faizi qızdır. Bu statistikanı DİM ayrıca tədqiqat işi olaraq təqdim edir. Bunun üçün "Abituriyent" jurnalının bəlli saylarını gözləməliyik. Yəni tələsmək olmaz. Hələ qarşıda 10 və 17 mart imtahanlarının nəticələri var. Yalnız bütün buraxılış imtahanları bitəndən sonra DİM ümumi təhlili və statistikanı ortaya qoyur. Həmin statistikadan çıxış edərək fikir səsləndirə bilərik".  

E.Nuri son illərdə qızların ümumi nəticələrinin oğlanlarla müqayisədə yaxşı olduğunu desə də, bir məqama diqqət çəkib:

"DİM-in son 10 ildə açıqladığı rəqəmlərə baxsaq, görərik ki, qız abituriyentlərin nəticələri daha yaxşıdır. Amma bir məsələ də var ki maksimal bal toplayanların içərisində həmişə oğlanlar qızları üstələyib. Yalnız bir neçə ili istisna olaraq göstərmək olar. İndi biz bu nəticəyə baxıb xanımların təhsildən uzaqlaşdığını deyə bilmərik. Bəzən ümumi nəticəni istisna göstəricilərlə qarışdırırlar. Məsələn, 0-50 bal toplayanlar içərisində neçə faizi qızdır, neçə faizi oğlandır, buna baxmaq lazımdır. Burada oğlanlar üstünlük təşkil etsə, onda biz sual edə bilərik ki, oğlanların təhsilə münasibəti hara gedir. Statistikaları qarışdırdıqda cəmiyyətdə də çaşqınlıq yaradırıq. 

Şəxsən mənim üçün fərqi yoxdur ki, cəmiyyətdə xanımlar daha çox təhsilə meyillidir, yoxsa bəylər. Hər ikisi cəmiyyətin aktiv və məhsuldar fərdidir. O zaman marağında olaram ki, tərəflərdən birində nəticələrdə ciddi şəkildə aşağı düşmə müşahidə olunsun. Bunu da gender yox, sosioloji və maarif aspektindən problem kimi qəbul edərəm. Düşünürəm ki, məsələyə bu cür yanaşmaq lazımdır".

Billurə Yunus

0.15062403678894