“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” - İllərin sirri açılır

 

“Mən şou-biznes adamı deyiləm. Heç yerə çıxmıram, müsahibə də vermirəm. İlk dəfə “O üz” verilişi İlhamə xanımla bağlı məndən müsahibə almışdı. İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə “bacı” deyirdi, mən ona “ana” deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki, televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyatım məni İlhamə xanımın yanına apardı. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki, onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zuğulbada tanış olmuşduq. Eks spiker Oqtay Əsədovun qayınanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə xanım da Zuğulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə cani könüldən baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir pişiyi də var idi. Xəstə olanda dedi ki, “Fatyanı çağırın, mənə baxsın. Mənə ondan yaxşı heç kim baxmaz”.
 
Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti İlhamə Quliyevanın yaxını, köməkçisi Fatma Əliyeva deyib. O daha sonra əlavə edib:

“İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb ki... İstəyirəm onun haqqında yalan danışan insanların gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə, deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları”, - deyə Fatma xanım bildirib.

Onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağını bildirib: “Deyirdi ki, Fatya, mən dünyadan gedəcəyəm, o ev-eşiyi keçirəcəyəm sənin adına. O, 2-ci gün rəhmətə getdi. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! 5-ci gün notariusa getməli idik. 2-ci gün dünyasını dəyişdi. Mən neynirəm var-dövləti?! Ona görə ağlamıram ki... Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddir”.

 
Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb.

“Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım müsahibə verib deyirdi ki, “İlhamə xanım son günlər yaman qalmaqallıdır”. İlhamə xanım hirsləndi. Dedi ki, “buna ad verdirmişəm, kömək etmişəm, danışığına bax”. Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kimdir?! Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma dedim ki, bəsdirin də, bunu öldürmək istəyirsiz? Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Deyirdilər ki, İhamə xanım döşəyin altına diktofon qoyublar, sənin səsin yazılacaq. Qadın stres yaşadı. Gecəni birtəhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir dərman aldım. Vəziyyəti yaxşı deyildi. Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez gəlin. Onlar da gəldilər. Təcili yardım gələnə qədər İlhamə xanım mənim qollarımda dünyasını dəyişdi (ağlayır). 14-cü mərtəbədə elə qışqırdım ki... Son sözü bu oldu ki, “Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın” - deyə o bildirib.

Fatma Əliyeva deyir ki, bu gün onu yuxularında görür: “İlhamə xanım yuxularıma mələk görkəmində gəlir. Deyir ki, burada ev almışam. Onun yeri cənnətdir. Evinə adam gəlirdi, yemək yeməmiş onu yola salmazdı. Yanına gələnlərə bahalı hədiyyələr də verirdi. Qardaşımın, anamın məzarına ziyarətə gedəndə mütləq İlhamə xanımın da məzarına baş çəkirəm. Bacısı Gülbahar xanım da tez-tez məzarı üstünə gəlir. İlhamə xanımın qoxusunu o xanımdan alıram. Bunu özü də bilir. Onunla danışanda elə bilirəm ki, İlhamə xanım sağdır. Kaş insanlar İlhamə xanımı efirdən yox, həyatdan tanıyardılar”.

Fatimə xanım İlhamə Quliyevanın müğənnilər haqqında ona dediklərini də bizimlə bölüşüb.
“O əvvəldən hamını sevib. Vaxtilə Xalq artisti Flora xanım Kərimova ilə də münasibətləri yaxşı olub. Aralarında söz-söhbət olub səngimişdi. Elza Seyidcahanı da çox istəyirdi. Amma elə şeylər baş vermişdi ki, onun qəlbinə dəyib yaralayırdılar. Ürəyi kövrək idi. Hələ bir dəfə də deməyib ki, filankəs pisdir. Elə hey deyirdi ki, Elza da mənə yaxşı qız olub. “Ağ çiçəyim” mahnısını necə həvəslə oxuduğunu danışırdı. Elə bil ki, hiss edirdi... Deyirdi ki, dünyadan köçüb gedəcəyik, özümüzlə nə aparacağıq?! Bir dəfə dedi ki, “Fatya, Orxanı götürüb uşaqlıqdan saxlamışam, ona yazığım gəlir. Ona bir maşın alıb verəcəyəm. Uşaqdır, gözü orda-burda qalır”. Heç o vaxtdan Orxanla əlaqəm yoxdur. O vaxt da Orxanla İlhamə xanımın xatirinə danışırdım”, - deyə Fatimə Əliyeva bildirib.

0.14529895782471