"Bu gün özünü ictimaiyyətə psixoloq kimi tanıdan şəxslərlə bağlı aidiyyəti qurumlar hüquqi müstəvidə addımlar atmalıdırlar".
Bu sözləri Ölkə.Az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib.
Ali təhsili olmayan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsindən gileylənən mütəxəssis bildirib ki, digər sahələrdə olduğu kimi, psixologiya sahəsində dövlət öz nəzarətini gücləndirməlidir:
"Qanunun ən sərt üzünü göstərərək onlarla mübarizə aparmaq olar. Rəqəmsal platformalarda özünü psixoloq kimi təqdim edən şəxslərlə bağlı dövlət yoxlamalar aparmalıdır. Cinayət işləri açılmalıdır. "Həmkar"larımız bilməlidir ki, bu sahədə təhsil almadan fəaliyyət göstərmək qeyri-peşəkarlıqdır və başqalarına qarşı düşüncə cinayətidir.
Psixoloji xidmət kimi təklif olunan həyat koçluğu, NLP, şüuraltı terapevt kimi sahələr də dələduzluqdur. Onlara qarşı da hüquqi müstəvidə addımlara atılmalıdır. O zaman biz bu sahəni sağlam formalaşdıra bilərik. Rəqəmsal platformalarda özünü qeyd etdiyim sahənin mütəxəssisi kimi ifadə edən şəxslərə qarşı mübarizə aparmaq, onlara inanmamaq lazımdır".
R.Nəcəfov deyib ki, psixoloq işləmək istəyən şəxlərin bu sahə üzrə minimum bakalavr və magistr təhsili olmalıdır:
"Onlara qoyulacaq əsas şərtlərdən biri minimum bakalavr, magistr təhsili və daha yüksək pillədə təhsilinin olmasıdır. Yəni minimum şərtlərə cavab verməyən heç kəsin bu sahədə fəaliyyət göstərməsinə icazə verilməməlidir. İnsanlarımız da mütəxəssisə müraciət etdikləri zaman ondan diplom tələb etsinlər".
Qeyd edək ki, sosial şəbəkələrdə Arif Cəsur adlı şəxsin özünü psixoloq kimi təqdim etməsi müzakirələrə səbəb olub. Onun ali təhsili olmadığını deyən vətəndaşlar bu sahədə fəaliyyət göstərməsini qanunsuz hesab edir.
Onu da əlavə edək ki, qanunvericilik də ölkəmizdə bu sahədə ali təhsili olmayan şəxslərin psixoloq kimi işləməsini qadağan edir.