“AtaSığorta” ASC 2023-cü ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 15 mln 803 min manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 11,9% çoxdur. “AtaSığorta”nın cəmi öhdəlikləri 34,1% artaraq ötən ilin sonunda 6 mln 334 min manat olub.
Ötən il nizamnamə kapitalını 1 mln 350 min manat və ya 9,2% artıraraq 15 mln 950 min manata çatdıran sığorta şirkətinin, əlavə kapitalı 19,2% azalaraq 1 mln 91 min manata enib, bölüşdürülməmiş zərəri isə 13,7% artaraq 7 mln 877 min manata çatıb. Nəticədə, şirkətin cəmi kapitalı 9,021 mln manat olub ki, bu da illik müqayisədə 1,6% çoxdur.
Ötən ilin yekununda “AtaSığorta” ASC-nin cəmi gəlirləri 11 mln 048 min manat, cəmi xərcləri 11 mln 995 min manat təşkil edib. Nəticədə, şirkət ötən ili 947 min manat xalis zərərlə başa vurub.
Şirkət 2022-ci ilin yekununda isə 575 min manat xalis zərər açıqlamışdı.
Qeyd edək ki, bir müddət öncə - cari ilin yanvarında “Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov vəzifəsini tərk etmişdi. Vəzifənin müvəqqəti icrası isə Seymur Əliyevə həvalə edilmişdi.
Xatırladaq ki, “Atasığorta” ASC "Ata Holdinq" MMC-yə daxildir.
Könül
Ölkə.Az