Azərbaycanda Arif Cəsur adlı şəxsin özünü psixoloq kimi təqdim etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, instaqramda 34 min izləyicisi olan A.Cəsur "ibrətamiz" hekayələr danışır və səhnələşdirdiyi videoları paylaşır, "psixoloji" məsləhətlərini səsləndirir.
O, səhifəsində qəbul və seanslara yazılmaq üçün əlaqə nömrəsi də yerləşdirib.
Arif Cəsurun ali təhsili belə olmadığını deyən sosial şəbəkə istifadəçiləri onun psixoloq kimi fəaliyyət göstərməsini doğru hesab etmədiklərini yazıblar.
Məsələyə münasibət bildirən hüquqşünas Şamil Paşayev deyib ki, ali təhsili olmayanlar və ya diplomu aidiyyəti üzrə təsdiq olunmayan şəxslər heç bir formada psixoloq kimi çalışa bilməz.
Sosial şəbəkə istifadəçilərindən bəziləri A.Cəsurun videolarına "normal biriyəm, istəyirəm sənin yanına seansa gəlim, sənin kimi olum", "Allah sənə şəfa versin", "Bu adamı psixoloq bilib yanına gedənin psixiatra ehtiyacı var" və s. şərhlər yazıblar.
Barəsində yazılanlarla bağlı Arif Cəsurun özü ilə əlaqə saxladıq. O özünü psixoloq kimi təqdim etmədiyini deyib.
"Psixoloji dəstəklə psixoloq ayrı şeydir. Tiktokda isə "psixoloji dəstək göstərirəm" yazmaq olmur, çünki orada 20 simvol yazmaq olur. Mənim o barədə yetərincə gücüm var. Bu dəqiqə psixoloq tanışlarım var ki, məndən kömək istəyirlər. Özləri bacara bilmədikləri şeyləri mənə yönləndirirlər. Bu aləmdə zəif fiqur deyiləm. Amma mən heç kimə deməmişəm ki, psixoloqam. Elə bir pasiyent ola bilməz ki, desin ki, Arif Cəsur ona psixoloq olduğunu deyib".
A.Cəsura "səhifənizdə psixoloq olduğunuzu yazmısınız" dedikdə isə cavabı gecikməyib:
"Məsələn, mən orada yazsam ki, prezidentəm, prezident olmuram ki. İnsan məntiqli olar.
Hazırda oxuyuram, diplom da alacağam. Diplomu alandan sonra deyəcəyəm ki, mən psixoloqam".
Kursa getmədiyini, psixologiya üzrə təhsil adlığını deyən A.Cəsur oxuduğu universitetin adını deməkdən boyun qaçırıb:
"Türkiyədə oxuyuram. Universitetin adını hazırda çəkə bilmərəm. Çünki mən orada qiyabi gedirəm. Hələ hər şey tam dəqiqləşməyib.
6 ildir, bu sferadayam. Balaca uşaq deyilik ki, ağzımıza gələni danışaq, kimsə bizi buna görə imtahan eləsin. Psixoloq olan adamlar var ki, istər-istəməz paxıllıq edir. Deyir ki, buna bax, mən 4 il oxumuşam, amma Arif Cəsur orada bir video buraxır 1 milyon adam baxır. Bu, sadəcə paxıllıqdır. Halbuki Arif Cəsur hazırda ümumiyyətlə pasiyent qəbul etmir.
Qaraciyərimdə xərçəng hüceyrəsi var, ondan müalicə alıram. Həkimlər mənə 5 il vaxt verib. Ona görə də mənim bu dəqiqə elə şeylərə marağım yoxdur. Elə-belə hobbi kimi məşğul oluram. Hazırda 30-40 nəfər var ki, pulsuz qəbul etmişəm. Blogerlik tarixində indiyə qədər yadıma gəlmir ki, kiməsə sataşım. Başımı salmışam işimlə məşğulam. Burada paxıllar nə qədər imiş. Gedin, pulunuzu qazanın. Guya mən bunların əllərindən pullarını alacağam. Narahat olmasınlar, vaxtıma da 5 il qalıb" - o deyib.
Billurə Yunus