Əziz Şərif (1895-1988) ismini ədəbiyyatçılar yaxşı tanıyırlar. Tanımayanlar üçün bu kiçicik vikipediya məlumatını əlavə edim:
“Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988). Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir. Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur. Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur”.
Moskvada çalışmasına baxmayaraq Azərbaycanla, bizim ədiblərlə, yazıçılarla sıx əlaqə saxlayırdı. Qasım Qasımzadə ilə mehriban münasibətlərinə şəxsən şahidlik etmişəm. 70-ci illərdə bir dəfə evimizdə ziyafətdə də olub. Maraqlı şəxsiyyət idi. Qasım müəllimin arxivində Əziz Şərifin ona yazdığı bir neçə məktubu var. Biri o zaman Q.Qasımzadənin rəhbərliyi ilə xalq yazıçısı Mehdi Hüseynə aid hazırlanan xatirat kitabı haqqındadır. Bu gün M.Hüseynin doğum günüdür. Həmin məktubu paylaşıram.
“Hörmətli dostum Qasım müəllim!
Görünür, məni ruslaşmış hesab etdiyiniz üçündür ki, mənə göndərdiyiniz məktubları rusca yazırsınız. Mənim hələ ruslaşmadığımı isbat etmək üçün cavabımı ana dilində yazıram.
Əziz dostum!
Qardaşım, unudulmaz dostum Mehdiyə həsr edilmiş xatirat kitabının hazırlanmasını təbrik edir, alqışlayıram. Mən də öz xatiratımı verməyə hazıram. Ancaq məni düşündürən bir məsələ vardır: mənim Mehdi haqqında dolğun xatiratım, gündəliyimin materiallar və Mehdinin məktubları əlavə edilərsə, 20-25 çap vərəqindən ibarət olar. Aydındır ki, bu həcmdə əsəri yazmaq üçün uzun vaqt lazımdır. Bir də belə əsər sizin nəzərdə tutduğunuz xatirələr kitabına bir fəsil kimi salına bilməz. Buna görədir ki, mən şübhələr içində qalmışam. Bəlkə siz öz məsləhətlərinizlə mənə kömək edəsiniz. Təklikdə mən özüm bu şübhələri dəf etməkdə acizlik hiss edirəm.
Sizdən xahiş edirəm mənə cavab yazsanız hazırlanan xatiratın hansı dildə yazılacağını da bildirəsiniz.
Dərin hörmətlə əlinizi sıxır, sizə və ailənizə can sağlığı, parlaq səadət arzulayıram.
Dostunuz Əziz Şərif
1/6/1973
P.S. Cavabın yubanmasına ağır xəstəlik səbəb olmuşdur. Bağışlayın.”
Demokratikmusavat.com