"Çox pul verərlərsə, işimə xəyanət edərəm" - Zülfiyyə Qurbanova

 

Zülfiyyə Qurbanova Kult.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Zülfiyyə xanım, teatr, film və serial: hər üçündə olmaq çətin deyil ki? Adətən, adam bir neçə işlə məşğul olanda qeyri-peşəkarlıq yaranır.

- Məncə, qeyri-peşəkarlıq bir sahədə olub, başqa işlərlə məşğul olanda yaranır. Mən hər üç sahədə aktrisalıqla məşğulam və oynadığım rollar da göz qabağındadır. Burada çətinlik ancaq fiziki mənada ola bilər ki, bəli, hər üçündə olmaq bəzən çətin olur.

- Hər bir sahədə "xaltura” anlayışı var. Aktrisalıqda bu necədir? Məsələn, pul naminə məcbur olub nəyəsə çəkilirsinizmi, yoxsa sizin üçün əsas sənətdir, pul o qədər də rol oynamır?

- Razıyam, bu, hər sahədə var, o cümlədən də bizim sahədə. Amma şəxsən mən Zülfiyyə Qurbanova olaraq heç vaxt pul naminə öz işimə xəyanət etməmişəm. Çünki öz işimi sevərək görürəm, məcburiyyətdən yox. Əgər bir gün işimə xəyanət edəsi olsam, gərək o qədər çox pul olsun ki, bu barədə düşünə bilim.

- Məsələn, təxmini nə qədər məbləğə bu barədə düşünə bilərsiniz?

- Vallah, hələ düşünməmişəm (gülür). Amma əlavə pul qazanmaq istəyəndə aparıcılıq-filan edirəm.

- Belə çıxır, sizin "xaltura”nız aparıcılıqdır?

- Siz və başqaları buna "xaltura” deyə bilərsiniz, amma mən "əlavə qazanc mənbəyi” deyirəm və belədir. Bu cür də gözəl səslənir. Əlavə qazanc olur deyə, hansısa tədbirdə aparıcı kimi də fəaliyyət göstərirəm və qonorar da alıram. Sadəcə, aparıcılıq aktrisalıq deyil.

- Qonorar demiş, açıqlaya bilərsinizmi bir film üçün nə qədər qonorar tələb edirsiniz?

- Yox, açıqlaya bilmərəm. Bu, mənə aid bir şeydir, həm də stabil məbləğ yoxdur, dəyişir.

- Aktyorlara, aktrisalara nisbətən yazıçı və şairlər öz sahələrində olan haqsızlıqlara tez-tez etiraz edirlər. Amma bu sizlərdə çox görünmür. Deyəsən, hər şeydən razısınız…

- İndiyə qədər dəfələrlə yazılarla, müsahibələrlə, hətta televiziyada da etirazlar eləmişəm. Bu məsələlər mənim üçün bağlanıb.

- Zülfiyyə xanım, hansı rol olsa, ona çəkilməzsiniz? "Qırmızı xəttiniz” varmı?

- Təmas tələb edən səhnələrə çəkilmərəm.

- Niyə, cəmiyyətin qınağından qorxursunuz? Axı peşəkar sənətdə tabuları qırmaq lazımdır. Sənət qurban tələb etmir?

- Bu cür fikirləri kimlər deyirsə, yanlış edir. Hansısa təmas olmayan səhnəyə də çəkilib yadda qalmaq, gözəl iş ortaya qoymaq olar. Mən özüm buna nümunəyəm.

- Yəni, sizin səbəbiniz cəmiyyət, ailə, dəyərlər deyil, sadəcə, sevmirsiniz, başqa cür də bacarırsanız deyə çəkilmirsiniz?

- Doğulduğum, yaşadığım bu cəmiyyətdə kifayət qədər riskli sayılan, birmənalı qarşılanmayan rollar canlandırmışam. Mənim üçün əsas olan rolun təmassız şəkildə də düzgün çatdırılmasıdır. Digər bir məsələ isə yaşadığımız cəmiyyətdə bu yaradıcılıq məsələləri nəyə dəyir, nəyə dəymir, onu mən özüm bilirəm.

- Bəs, "Tabutçunun yelləncəyi”, "Zəhər tuluğu” filmlərindəki fahişə obrazı ilə tanınmaq sizi narahat etmir ki?

- Xeyr. Ona görə eləmir ki, mənim yaradıcılığımda müxtəlif qadın xarakterləri var. Fahişə obrazları da o qadın xarakterlərindən biridir. Kifayət qədər mənfi və müsbət qadın rolları oynamışam. Hər şeyin öz yeri var. Bəziləri Yutuba, digərləri də televiziyaya baxır. Hərə məni bir yerdən, bir obrazdan tanıyır. Amma mən fahişə obrazlarına görə tanınmışam desəm, digər gözəl rollarıma haqsızlıq olar. Belə də ki, mən niyə narahat oluram? Cəmiyyət narahat olsun!

- Eyni zamanda gözəl xanımsınız. Bilmək olarmı evlənməməyinizin səbəbi nədir?

- Xarakter! Mənəvi olaraq çox güclü xanımam. İnşallah, irəlidə özüm kimi güclü, iradəli bir insan çıxanda, beyni mənim beynimlə bərabər olsa, mütləq ki, həmin insanla da ailə quracam.

- Bəs birdən evlənəndən sonra yoldaşınız sənətinizə qısqansa, necə olacaq? Vidalaşa biləcəksiniz sənətinizlə? Sənətiniz sevgiyə qurban gedəcəkmi?

- Gələcəyin işidir. Amma mən sənətimi kifayət qədər ağılla, əxlaqla icra edən aktrisayam. Ona görə də ortada qısqanılacaq heç nə yoxdur.

- "Gələcəyin işidir” deyirsinizsə, deyəsən, belə bir ehtimal var.

- Sabah ölmək ehtimalım da var…

0.16612100601196