Müasirlərinin yazdığına görə, Mixail Suslov Mərkəzi Komitədə ən “ehtiyatlı” məmur olub. O, hazırladığı sənədləri, məruzələri dəfələrlə yoxlayıb, imza atdığı məktublara dəfələrlə nəzər yetirib. Kremlin daxili rejiminə son dərəcə ciddiliklə riayət edən Suslov həm də Mərkəzi Komitədə əsas söz sahiblərindən biri sayılıb. Hətta Leonid Brejnevə təsdiq üçün hansısa bir sənəd təqdim ediləndə baş katib əvvəlcə həmin sənədi Suslova göstərməyi tövsiyə edib.
35 il Mərkəzi Komitənin ideloji işlər üzrə katibi vəzifəsində işləyən Suslova xarici ölkələrdəki Kommunist Partiyalarının fəaliyyətinin tənzimlənməsi də həvalə edilib. Mərkəzi Komitənin beynəlxalq şöbəsi mütəmadi olaraq Suslovun qarşısında hesabat verib. Xarici ölkələrdəki Kommunist Partiyalarına maliyyə ayrılması, təşkilati işlər, kadr məsələləri birbaşa Suslovla razılaşdırılıb. O, bu məsələlərə daha ciddi və daha həssaslıqla yanaşıb. Bu da sirr deyil ki, bir çox ölkələrdə Kommunist Partiyasının rəhbər vəzifələrinə seçkilər keçiriləndə əvvəlcədən Kremldən razılıq almaq vacib şərt sayılıb. Partiya rəhbərliyinə gətiriləcək şəxslər Moskvaya, Mərkəzi Komitəyə dəvət olunublar, Suslov onlarla söhbət aparııb. Bu cür qəbullar adətən qarşılıqlı anlaşma şəraitində keçib, Suslovun müəyyən etdiyi siyasi kurs qarşı tərəf üçün proqram kimi qəbul olunub.
Suslov uzun illər ona baş katib tərəfindən həvalə olunan bu işin öhdəsindən yüksək səviyyədə gəlib. 1972-ci ildə isə Fransa kommunistləri onu çətinliyə salıb. Məhz həmin ildə Fransa Kommunist Partiyasının baş katibi Valdek Roşenin səhhətində ciddi problemlər yaranıb və o, könüllü olaraq partiya rəhbərliyindən istefa verib.
Yeni baş katibin seçilməsi üçün Fransa kommunistləri Moskva ilə məsləhətləşmələrə başlayıb. Əvvəlcə Kremlə namizəd kimi siyasətçi Jan Qondonun şəxsi işi göndərilib. Sənədlər Suslova təqdim edilib. Bu, elə bir vaxta təsadüf edib ki, həmin gün Siyasi Büronun iclası da nəzərdə tutulub.
Həmin iclasda həmişə təmkinli görünən Suslov əsəbi vəziyyətdə Brejnevdən söz istəyib:
“Leonid İliç və hörmətli büro üzvləri, mənim sizin diqqətinizə çatdırmaq istədiyim məsələnin bu gün keçirilən iclasdakı müzakirələrə aidiyyəti yoxdur. Amma mən bu məsələni sizinlə birlikdə müzakirə etməyi vacib saydım. Yəqin ki, hamınız Fransa Kommunist Partiyasındakı vəziyyətdən xəbərdarsınız. Partiya öz seçkisini keçirməlidir, yeni baş katib seçilməlidir. Bu gün mənə partiya rəhbərliyinə namizədin şəxsi işini göndəriblər. Mən həmin namizədə qarşı qəti etirazımı bildirirəm. Kommunist Partiyasına Qondon soyadlı bir şəxs rəhbərlik edə bilməz. Bu, yolverilməzdir...”
Suslovun bu kiçik nitqi sükutla yanaşı, bəzi büro üzvlərində, o cümlədən Brejnevdə də gülüşə səbəb olub.
Əslində, SSRİ üçün qeyri-adi görünən bu soyad Fransada normal bir soyad kimi qəbul edilib. Hətta kiçik bir hərf fərqi ilə Fransada bu soyadı daşıyan məşhurlar da olub. Məsələn, tanınmış fransız rəssamı Pyer Qandon, fransız yazıçısı İv Qandon, 1941-ci ildə Parisdə güllələnən fransız kommunisti Raymond Qandon, Fransa Müqavimət Hərəkatının fəal üzvü Armand Qandon, Fransanın Kalvados departamenti Kommunist Partiyası təşkilatının katibi Qaston Qandon və digərlərinin adını göstərmək olar.
Qeyd edək ki, Jan Qondon Fransa Kommunist Partiyasının həyatında heç bir fəallığı ilə fərqlənməyib, partiya üzvləri arasında ciddi bir nüfuza da sahib olmayıb. Yəni bu şəxs heç bir siyasi dairədə tanınmayıb. Jan Qondonu partiya rəhbərliyinə gətirməkdə fransız kommunistlərinin məqsədi tam başqa bir məslə olub. Belə ki, qraf titulu daşıyan Jan Qondon maddi cəhətdən kifayət qədər zəngin olduğundan və baş katib seçiləcəyi təqdirdə partiyanı qismən maliyyələşdirəcəyini vəd etdiyindən onu rəhbərliyə gətirmək istəyiblər. Ən əsası da bununla Moskvanın maliyyə asılılığından qurtulmaq əsas məqsədlərdən biri olub. Suslovun Siyasi Bürodakı etirazından, qalmaqallı və siyasi don geyindirdiyi çıxışından sonra Jan Qondonun namizədliyi Kremldə qəbul edilməyib. Amma bu imtina fransız kommunistlərinə heç də Suslovun sərt ifadələri ilə yox, başqa bir formada, daha yumşaq, daha mülayim və konkret arqumentlərə əsaslandırılaraq çatdırılıb.
Suslov Fransa Kommunist Partiyasına aşağıdakı məzmunda məktub ünvanlayıb:
“Sovet kommunistləri yoldaş Jan Qondonun dünya kommunist hərəkatına verdiyi töhfələri yüksək qiymətləndirir və Fransa kommunistlərinin seçiminə böyük hörmətlə yanaşır. Diqqətinizə onu da çatdırmaq istəyirik ki, əldə etdiyimiz məlumata görə, yoldaş Qondonun əsl soyadı Sen-Qondondur və o, qraf titulunu daşıyır. O da bizə məlumdur ki, hazırda Sen-Qondon Laura departamentində qraflara məxsus tarixi qəsrə də sahibdir. Bu faktlar burjua mətbuatında böhtan və qalmaqallı yazıların üzə çıxmasına səbəb ola bilər. Bunu nəzərə alaraq Fransa Kommunist Partiyasının baş katibi vəzifəsinə namizədləri yenidən nəzərdən keçirməyinizi xahiş edirik...”
Bununla da Jan Qondon soyadının bəlasına düşərək Fransa Kommunist Partiyasına baş katib seçilməkdən məhrum olub.
Musavat.com