Evim tikilib qurtardıqdan sonra yeni çoxlu problemlərlə qarşılaşmağa başladım. Qonşularla söhbət edərkən öyrəndim ki, evimizi tikən usta aldığımız yeni taxtaları qonşulara satıb, bizim evin təmirində isə köhnə taxtalardan istifadə edib.
Bu sözləri AZƏRTAC-a Bakı sakini Nərmin Rzayeva (ad və soyad şərtidir) şikayəti zamanı deyib.
Zərərçəkmiş ustanın təmir zamanı, həmçinin sementi də lazım olan həddə istifadə etmədiyini, artıq qalanları satdığını öyrənib. N.Rzayevanın sözlərinə görə, vəziyyət o həddə çatıb ki, evin bir hissəsini düzəltməmiş digər hissəsi sıradan çıxır. Hətta o, bir dəfə döşəmələrinin çökməsinin də şahid olub.
“Döşəməyə görə dəymiş ziyanı böyük məbləğdə borclanaraq düzəltdirmək məcburiyyətində qaldım. Evin damı belə bərbad vəziyyətdə tikilmişdi. Hava pis olanda soyuq hava içəri daxil olurdu, yağış yağanda isə başımıza su tökülürdü. Tikinti zamanı baş vermiş yanlışların nəticəsi ilə hələ də qarşılaşıram”, - deyə zərərçəkmiş qeyd edib.
Bəs ilk dəfə ev tikdirəcək şəxslər bu cür hallarla qarşılaşmamaq üçün hansı məsələlərə diqqət yetirməlidirlər?
Problemlə bağlı AZƏRTACA-a açıqlama verən ev təmiri ustası Elçin Ələkbərov bildirib ki, ev üçün ən vacib şərt onun fundamentinin keyfiyyətli olmasıdır. Evin fundamentinin yaxşı olması üçün tikintidə istifadə ediləcək sement və dəmir konstruksiyaları önəmlidir. Ustanın sözlərinə görə, xüsusilə dəmir konstruksiyanın düzgün yığılması evin bünövrəsi üçün ən vacib mərhələdir.
“Hər hansı təbii fəlakət, məsələn, zəlzələ baş verərsə, evin fundamenti yaxşı olmalıdır ki, evə zərər gəlməsin. Həmçinin evin bünövrəsi qurularkən Rusiya və Ukraynanın istehsalı olan armaturlardan istifadə edilərsə fundament üçün bunun nəticəsi daha yaxşı olar”, - deyə E.Ələkbərov vurğulayıb.
Məsələ ilə bağlı isə əmlak eksperti Ramil Osmanlı bildirib ki, əgər evin inşa ediləcəyi ərazinin yer səthi düz deyilsə, evin tikiləcək hissəsinin bir tərəfi ilə digər tərəfi arasında sıfır səviyyəsində fərq varsa, mütləq şəkildə evin fundamenti beton kəmərdən hazırlanmalıdır.
“Hətta hesab edirəm ki, ən azından künclərdən də aşırımlar, loru dildə desək, beton “kolonkalar” qalxmalıdır. Əgər yer səthi düzdürsə, 50 sm uzununa, 40 sm eninə monolit beton kəmər qoyulmalı, bundan sonra tikintinin işləri aparılmalıdır”, - deyə ekspert əlavə edib.