Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşdü

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

İdarədən Axar.az-a verilən məlumata görə, A.Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb.

QMİ sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq elan olunmuş "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş Beynəlxalq Konfransın doğurduğu beynəlxalq rezonans barədə səfiri məlumatlandırıb.

Şeyxülislam xüsusi vurğulayıb ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. QMİ sədri bildirib ki, Bakı Beynəlxalq Konfransının iştirakçıları müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq bu prosesin davamlılığını təmin etmək məramı ilə "Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq" Mərkəzi yaradılması barədə qərara gəliblər.

Azərbaycanda, Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Mərkəzin Himayədarlar Şurasında və Məşvərət Şurasında müxtəlif dünya dinlərinin təmsilçilərinin yer aldığını bildirən A.Paşazadə ABŞ-dan da 2 nümayəndənin burada üzv olduğunu səfirin diqqətinə çatdırıb.

R.Sekuta, öz növbəsində, dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən faciəvi hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edib . O, ABŞ-dan bu önəmli təcrübənin öyrənilməsi məramı ilə xüsusi nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfəri barədə məlumat verib. Azərbaycanda, bölgədə sülh, dinlərarası dialoq mühitinin təmin olunması işində İslam dünyasının nüfuzlu şəxsiyyətlərindən biri kimi dəyərləndirdiyi A.Paşazadənin böyük rolu olduğunu bildirən səfir ötən ilin sentyabrında Qafqaz Müsəlmanları İdarəsi sədrinin Bütün ermənilərin Katolikos-Patriarxı II Qareginlə Moskvada baş tutan görüşünün də bu baxımdan xüsusi önəmini vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini şeyxülislamın diqqətinə çatdırıb.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.

 

0.14230585098267