Azərbaycanda benzin ucuzlaşacaq? - Yeni qərarın şərhi

 

Bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib, aksiz dərəcələri isə endirilib.

“Ölkə.Az” xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.

Yeni qərarla, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib. 

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, mövcud qərarın qiymətlərə təsiri olmayacaq:

“Bu rüsumlar ötən il də endirilmişdi. Bu da Neft Emalı Zavodunun tam istismara verilməməsi ilə bağlıdır. Azərbaycan öz tələbatını ödəmək üçün benzin və mazotu xarici ölkələrdən idxal edir. Onların qiymətlərinin indiki səviyyədə saxlanılması üçün rüsumlar ləğv olunur. Bu baxımdan ötən ilki təcrübə də nəzərə alınaraq qiymət endirilməsinin olmayacağını deyə bilərik”. 
“Onu da qeyd etmək lazımdır ki, benzin və dizelin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Ötən illlərdə dünya bazarında neft ucuzlaşsa da, benzin qiyməti yüksək olaraq saxlanıldı, - deyə ekspert əlavə edib.

Könül
Ölkə.Az

 

0.24722290039062