"Valideynlərin ali təhsil yönümlü olması yaxşı hal deyil".
Ölkə.Az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib. O bildirib ki, bu, uşağın istəmədiyi bir həyata doğru itələnməsi, bəzən və ya bütün ömrü boyu sevmədiyi işlə məşğul olması ilə nəticələnə bilər:
"Hər kəs universitet oxumalı deyil. Kimsə musiqiçi, ya da rəssam olmaq istəyirsə, ora yönlənə bilər. Yeri gələndə, bu gün bir illik kurslarla çox peşəkar İT mütəxəssisi yetişdirilir və ən hörmətli və gəlirli sahədir. Amma, "hamının uşağı universitet oxuyur, mənim uşağımın onlardan nəyi əskikdir" düşüncəsi ağlın eqoya uduzmasını təmin edir. Ümumiyyətlə, insanlar axmaq görünməkdən çox, əskik görünməkdən qorxurlar".
Mütəxəssisin fikrincə, burada ikinci bir mənfi təsir də var:
"Bu da hər şeydən daha çox təhsilə fokuslanmaqdır. Valideynlər bir çox hallarda uşaqların təhsilinə daha çox fokuslanırlar, nəinki tərbiyəsinə. Az valideyn övladı ilə vicdan, mənəviyyat və empatiya haqqında mütəmadi danışır. Amma təhsillə bağlı hər gün məsləhət verirlər. Buna görə də, Bakının küçələri təhsilli, amma özlərini apara bilməyən insanlarla doludur. Bütün bu yerə zibil atanların, küçədə qışqıraraq danışanların, yol hərəkəti qaydaları pozanların, sinemada və teatrda telefonun işığını gözümüzə soxaraq çəkiliş edənlərin, növbəni pozanların əksəriyyəti təhsilli insanlardı. Mədəniyyət və etika xaricində bir çox şeyi də bilirlər".
F.Əsədov deyib ki, üçüncü amil isə valideynlərin uşaqları telefon və planşetlərin qoynunda sevgisiz qoymasıdır:
"İndiki uşaqların əksəriyyəti sevgisiz böyüyür. Ya ərköyün böyüdürlər, ya da diqqətdən kənar. Həqiqətən, sevgi hiss edilmir. Ona görə də empatiya qura bilmirlər. Başqalarını hiss edə bilmirlər. Bir uşağın ağlayaraq "nə olar, saçlarıma dəymə" deməsindən sonra digər uşaq onun saçlarını kəsirsə, bu çox böyük problemdir. Bilirsiniz, Əhmədlər elə-belə yetişmir. Əhmədlər adam öldürməzdən əvvəl kimisə təhqir edirlər. Sonra vururlar...sonra yaralayırlar...Və sonra bir gün bütün ölkə sarsılır".
Billurə