Uçota alınmış 119 operator və provayderin uçota alınarkən təqdim etdikləri müqavilələr yoxlanılıb və “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblərlə uyğunsuzluqların olduğu aşkar edilib.
Bu barədə "Ölkə.Az"a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
Bildirilib ki, abunəçilərlə bağlanmış müqavilələrdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün operator və provayderlərə müvafiq tövsiyə və tapşırıqlar verilib. Belə ki, abunə müqavilələrinin qanunvericiliklə müəyyən edilmiş zəruri tələblərə uyğunlaşdırılması məqsədilə hər bir operator və provayder fərdi şəkildə aşkarlanmış uyğunsuzluqlar haqqında rəsmi məktubla məlumatlandırılıb.
Həyata keçirilmiş intensiv işlər nəticəsində uçota alınmış operator və provayderlərin abunə müqavilələrini “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə uyğunlaşdırması ilkin mərhələdə 35%-ə çatdırılıb.
Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonunadək yekunlaşdırılması hədəflənib.
Xatırladaq ki, “Telekommunikasiya haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.