Universitetlərə muxtariyyət verilsin ki, tələbələr diplomu... - TƏKLİF

 

"Ötən həftə oğlumun məzun günü ilə bağlı Macarıstanda, Debrecen Universitetində oldum. Maraqlı məqam diqqətimi cəlb etdi". 

Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, adı çəkilən ölkədə məzunlara diplom təqdim edilməsi universitetin oturuşmuş, hər nöqtə-vergülü ölçülüb-biçilən bir prosesdir:

"Xüsusi ritualları, geyimləri var, öncədən məşqlər edirlər. Diplomları təntənəli formada almaq könüllüdür.

Tələbələr öncədən Debrecen Universitetinin nüfuzunu qoruyacağı və burada əldə etdiyi bilik və bacarıqların bəşəriyyət əleyhinə istifadə etməyəcəyi haqqında Universitetin məxsusi bir andının mətnini əzbərləyir və tədbirdə bunu səsləndirirlər. Diplomu necə qəbul edəcəyini məşq edirlər.

Maraqlıdır ki, eyni bir tədbirdə, məzun günündə bakalavrlara, magistrlara, həmçinin də  doktorantlara diplomlar təqdim edilir.

Azərbaycanda müxtəlif səviyyəli diplomları (bakalavr, magistr, PhD) təqdim etmək səlahiyyətləri Elm və Təhsil Nazirliyində və Ali Attestasiya Komissiyasında cəmləşib.

Diplom blanklarını nazirlik çap edərək uiversitetlərə verir. Adətən, bu proses xeyli gecikir, diplomlar növbəti tədris ilində, fərdi şəkildə keçmiş məzunlara təqdim edilir. 

Diplom blanklarını zamanında ala bilməyən bəzi universitetlərimiz isə, bu tədbiri ənənəyə və yaddaqalan bir tədbirə çevirmək üçün hansısa bir prototip hazırlayıb məzunlara təqdim edirlər. Nazirlik fərqində olmalıdır ki, bütün bunlar doğru bir yanaşma deyil", - deyə o bildirib.

O.Gündüz diplomu Ali Attestasiya Komissiyasının verməsini doğru hesab etmir:

"Maraqlı məqamdır, tələbəni yetişdirən universitet, diplomu verən nazirlikdir.

Alimi hazırlayan universitet və ya emi tədqiqat institutudur, amma PhD diplomunu verən Ali Attestasiya Komissiyasıdır. Bu necə ola bilər?

Düşünürəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir. Addım-addım universitetlərin səlahiyyətləri, muxtariyyatı genişləndirilməlidir. Artıq xeyli müddətdir ki, universitetlərin əksəriyyətində rüşvət tam olaraq yığışdırılıb. Saxta diplom məsələləri aradan qaldırılıb.

ETN və DİM yetərincə rəqəmsallaşıb, onların əlində mərkəzləşmiş informasiya sistemləri var. Uşaqların bağçadan tutmuş universitetədək bütün təhsil prosesləri rəqəmsallaşıb.

Adı çəkilən qurumlar bununla da artıq saxta diplom məsələsini tam olaraq nəzarətdə saxlaya bilirlər . 

Belə olan halda isə diplom məsələsini, o cümlədən də PhD diplom məsələsini universitetlərə və institutlara vermək doğru olardı. Bu məsələdə universitetlərimizə etimad göstərilməlidir.
Universitetlər, PhD hazırlayanlar son mərhələni, diplomların verilməsini bu təhsil müəssisələri üçün yaddaqalan, xatırlanan və  oturuşan bir ənənəyə çevirməlidirlər".

 

0.1627779006958