Tacikistan Prezidenti Emoməli Rəhmon dövlət qulluqçuları ilə bağlı yeni qərar qəbul edib. Belə ki, qərara əsasən, məmurlar doğma dili istisna olmaqla ən azı iki dil bilməlidirlər.
Hətta onlara dil biliklərini təkmilləşdirmək üçün bir il vaxt verilib, ondan sonra lazımi yoxlamalar aparılacaq. Məmurlar uğursuz olarsa, “lazımi tədbirlər” görüləcək.
Sözügedən qanun layihəsi bir sıra xarici ölkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Vüqar İskəndərov "bu cür qərar bizdə də tətbiq olunmalıdırmı" sualına münasibət bildirib:
"Öz dilindən başqa bir neçə dil bilmək çox müsbət haldır. İnsan hansı dildə düşünürsə, həmin dilin mənsub olduğu xalqın nümayəndəsidir. Bir dili başqa dilə tərcümə etmək həm də beynin də yaxşı işləməsinə gətirib çıxarır. Bir dil bilən bir insandır, bir neçə dil bilmək bir neçə insan deməkdir. Ona görə də, doğma dilindən başqa dilləri bilmək çox müsbət haldır. O ki qaldı məmurun bir neçə dil bilməsinə, düşünürəm ki, bunun məsələyə heç bir aidiyyəti yoxdur. İnsanın peşəsindən asılı olmayaraq bir neçə dil bilməsi onu daha da inkişaf etdirir və bir çox məsələlərdə üstünlük qazandırır.
Bir ölkənin prezidentinin dil məsələsini məmurların qarşısında tələb kimi qoymasına gəldikdə isə ölkənin hərtərəfli inkişafı üçün işlər gömək, qanunlar qəbul edilməsi daha məqsədəuyğundur. Elə dövlətlər var ki, dünyanın bir çox qitələrində də maraqlı qanun layihələri ilə tarixə düşüblər" - o deyib.
V.İskəndərov hesab edir ki, məmurlara öz ana dilini mükəmməl bilmək tələbi qoyulması yerində olardı:
"Birincisi, hər bir məmur öz dilində problemsiz, sərbəst, mükəmməl danışmalıdır. Artıq onun digər dil bilməsi üstünlük qazandıra bilər. Amma dillər bilib dürüst vicdanlı, savadlı, töhfəli məmur olmayacaqsa, dil bilməyin nə onun rəhbərlik etdiyi sahəyə, nə də cəmiyyətə xeyri olacaq. Ona görə də bunun tələb kimi qoyulması və əks halda hansısa bir cəzanın olacağının deyilməsi düşünürük ki, düz olmazdı. Fikrimcə, əsas məmur öz dilində mükəmməl danışmalıdır. Tələb bu olmalıdır. O savadlı olmalı, xalqın dilini bilməli, dürüst, vicdanlı, milli dəyərləri olmalıdır. Rəhbərlik etdiyi sahəyə cəmiyətə xalqa vicdanla və ədalətli xidmət göstərməlidir. Düşünürəm ki, məmurda əsas bu keyfiyyətlət olmalıdır. Ona görə də Tacikistandakı kimi dil tələbinin bizdə də tətbiq olunması gərəkdiyini düşünmürəm. Amma Azərbaycanda vəzifədə olan şəxslərin mütləq əksəriyyəti bir və ya bir neçə xarici dil bilir. Müasir dövrdə gənclərimiz də ingilis, rus və digər dilləri öyrənməyə meyillidirlər. Bütün bunlar çox müsbət haldır".
Billurə Yunus