Təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, təhsilalanların sayı 100 nəfər və daha çox olduğu hallarda yaradılır.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu, Nazirlər Kabinetinin fevralın 8-də qəbul etdiyi "Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları"nın təsdiq edilməsi haqqında Qərarda öz əksini tapıb.
Qeyd olunub ki, təhsilalanların sayı 100 nəfərdən az olduqda, ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil edilir.
Qərara əsasən, xüsusi təhsil müəssisələrində təlim-tərbiyə prosesi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır.
Xüsusi təhsil müəssisələrində təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir.
Xüsusi təhsil müəssisələrində təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Korreksiyaedici məşğələ təhsil müəssisəsində, yaxud ixtisaslaşmış reabilitasiya mərkəzində həyata keçirilə bilər.