Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Sığortaçı tərəfindən formalaşdırılan qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə təyinatları haqqında Qayda”nı təsdiq edib.
“Ölkə.az” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Eyni zamanda ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqlədiyi 3 iyun 2019-cu il tarixli “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar” ləğv edilib.
Qərara əsasən, qarşısıalınma tədbirləri fondu hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanacaq və bu Qaydada nəzərdə tutulmuş təyinatlar üzrə istifadə olunur.
Belə ki, fonda yığılmış vəsait maarifləndirici, eləcədə təbliğat və təşviqat, təklif və dəstək verilməsi məsələlərinə xərclənəcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.