Bu gün kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı bir sıra güzəştlər tətbiq edilsə də, adıçəkilən sektorda elə də ciddi irəliləyiş müşahidə edilmir.
Azərbaycan bu gün də bir çox kənd təsərrüfatı məhsullarını idxal edir. Eləcə də ötən ilin 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (379 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (143 milyon dollar) ikinci, pomidor (tomat) (140 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Ümumilikdə isə ərzaq məhsullarında 75 faiz xaricdən asılılıq var. Qeyri-ərzaq məhsullarının elə növləri var ki, 100 faiz asılılıq var. Ölkədə kənd təsərrüfatı məhsulları istehsal edilsə də, nə yerli tələbat tam ödənmir, nə də ixrac kifayət qədər deyil.
Bu sektorda mövcud problemlərlə bağlı “Cebhe.info”-nun suallarını kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli cavablandırıb:
Həmin müsahibəni təqdim edirik:
- Bu gün ölkədə bir sıra kənd təsərrüfatı məhsulları istehsal olunmasına baxmayaraq, niyə Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilə bilmir?
- Azərbaycanın müəyyən məhsullarla bağlı tələbatı var. Əsasən, taxıl, kartof, heyvandarlıq məhsulları idxal edirik. Azərbaycan özünü təmin edəcək səviyyədə məhsul istehsal edə bilmir. Ümumdünya Səhiyyə Təşkilatın müəyyən etdiyi norma var ki, adambaşına il ərzində nə qədər ət, süd, yağ, çörək, pendir, kartof, meyvə-tərəvəz istehlak etməlidir.
Bu normaya uyğun olaraq Azərbaycan 1 milyon 700 min ərzaq buğdası istehsal etməlidir. Ancaq Azərbaycan 1 milyon 700 min ton buğda istehsal etsə də, bu ərzaq üçün yararll buğda deyil. Onu ərzaq buğdası kimi istifadə etmək mümkün deyil. Ona görə ki, o buğdanın keyfiyyəti aşağıdır, istehsaldan sonra çeşidlənmə həyata keçirilmir. Biz hətta bilmirik ki, I, II, III, IV, V sinif buğdamız var. Bu onunla bağlıdır ki, məhsulun keyfiyyəti, istehsal səviyyəsi aşağıdır.
Məsələn, fermerlər problemlərlə üzləşirlər. Suvarma suyu ilə təminat yoxdur. Baxmayaraq ki, bizim tələbatdan 5 dəfə artıq su resursumuz var. Ancaq yay mövsümündə fermerlər su əldə edə bilmirlər. Digər tərəfdən, Azərbaycanda seleksiya işi sıfır vəziyyətdədir. Bu ona görə lazımdır ki, Azərbaycanın regionlarına uyğun olaraq rayonlaşdırılmış yeni sortlar yaradılsın. Bu da ölkədə həyata keçirilmir və bizim fermerlər demək olar ki, toxumdan istifadə etmirlər. Yəni istehsal etdikləri buğdanın bir hissəsindən də toxum kimi istifadə etməlidirlər. Azərbaycanda toxumçuluqla ciddi məşğul olunmur. Stress amillərə dözümlü, yüksək məhsuldar toxum sortları yetişdirilməlidir və bununla məşğul olan yoxdur. Digər tərəfdən, Azərbaycan digər ölkələrdən istehsal vasitələrini idxal edir. Məsələn, gübrə, pestisidlərdir ki, onun da idxalı ilə məşğul olan oliqarx məmurlardır, müəyyən işbazlardır. Onlar daha çox qazanc əldə etmək üçün gedib ucuz, keyfiyyəti aşağı məhsullar sifariş edirlər. Bundan da ümumilikdə ölkəmiz əziyyət çəkir. Fermerlər də həmin gübrə, pestisidlərdən istifadə edir, ancaq istənilən nəticə olmur. Gətirilən kimyəvi maddələrin tərkibi standarta uyğun olmur. Yəni Azərbaycan istehsalla bağlı ciddi problemlə qarşılaşır.
Hökumət bu problemin aradan qaldırılmasında hər hansı addım atmır. Kənd Təsərrüfatı Nazirliyinə rəhbər vəzifələrə gətirilən şəxslərin hamısı o sahədən uzaq, qeyri-peşəkarlardır. Bu işləri nazirlik təşkil etməlidir. Kənd təsərrüfatı naziri aqronom olmalıdır. Biz görürük ki, müavinlər hüquqşünasdır, qaz üzrə mütəxəssis, siyasətçidir. Bunların hamısı şəhərdə böyümüş, kənd təsərrüfatı ilə tanış olmayan insanlardır. Onların kənd təsərrüfatına hər hansı töhfəsi yoxdur və heç ola da bilməz. Kadrları təyin edəndə bilmirlər ki, həmin şəxslər bu sahəni nə dərəcə bilir. Ona görə də Azərbaycan özünün ərzaq məhsullarına olan tələbatını ödəyə bilmir və idxal etmək məcburiyyətində qalır. Əgər Azərbaycan istehsalı müəyyən səviyyəyə çatdıra bilmirsə, ixracatçı ölkəyə çevrilə bilməz.
Pambıq istehsalı ilə bağlı külli miqdarda vəsait ayrılmışdı. Ancaq pambıq istehsalı kəskin şəkildə azalıb. Hökumət qarşısına məqsəd qoymuşdu ki, 2022-ci ilə kimi 500 min ton pambıq istehsal etsin, ancaq 276 min ton olub. Biz kifayət qədər kartof da istehsal edə bilmirik və təxminən 230 min ton kartof idxal edirik. Ölkədə əhalinin tələbatının 80 faizi qədər kartof, 35 faizi qədər ət, 50 faiz süd istehsal olunur. Xaricdən ölkəyə quru süd gətirilir, su ilə qarışdırılır və daxili istehsal kimi təqdim olunur.
Həmçinin ölkəyə diri heyvanlar gətirilir və bu ilin 11 ayında 104 milyon manat dəyərində diri heyvan gətirilib. Həmin diri heyvanlar daxildə kəsilir və daxili istehsal kimi göstərilir. Bu yolla biz bu sahəni inkişaf etdirə bilmirik. Problemlər aradan qaldırılmalıdır və bunun üçün yaxşı mütəxəssislər olmalıdır. Avropa ölkələrinin əksəriyyətində, eləcə də Amerikada kənd təsərrüfatı üzrə rəhbər şəxslər yaşı daha çox olan insanlardır. Ona görə ki, onların yaxşı təcrübəsi var. Gənclər, o sahədən bixəbər adamlar bu vəzifədə çalışa bilməz. Çünki bu sahə olduqca mürəkkəbdir.
Məsələn, vergilər naziri gənc kadr ola bilər. Azərbaycanın torpaq, iqlim şəraiti olduqca əlverişlidir. Ölkəmiz idxalçı ölkədən ixracatçı ölkəyə çevrilə bilər. Əhali işgüzardır, əməksevərdir, bazarı da mənimsəyiblər. Yeganə çatışmayan, burada siyasəti müəyyən edən adamın bilikli və təcrübəli olmasıdır.
- Bu gün bir çox kənd təsərrüfatı məhsullarının qiyməti çox bahadır. O cümlədən, ətin qiyməti tədricən artmaqdadır. Artıq qoyun ətinin qiyməti bəzi ərazilərdə 20 manat təşkil edir. Sizcə bu bahalıq nə qədər davam edəcək?
- Azərbaycan neçə ki, heyvandarlıqda yem istehsalını pik səviyyəyə çatdırmayıb, yem bazası yaratmayıb, ətin, südün qiyməti yüksək olaraq qalacaq. Bu gün yalnız ətin qiyməti deyil, südün də qiyməti bahadır.
Ətin qiyməti Moskvada Azərbaycanla müqayisədə iki dəfə ucuzdur. Nəyə görə belədir? Ona görə ki, həmin ölkələrdə ot, yem istehsalına ciddi fikir verilir. Azərbaycanda yem istehsalı hələ 2018-ci ildə nəzərdə tutulmuşdu ki, 2 miyon 500 minə tona çatdırılacaq.
Ancaq 190 min ton istehsal edilib. Yəni 10 dəfədən az qüvvəli yem istehsal olunub. Qüvvəli yem, ət deməkdir. Əgər biz heyvandarlıqda, kökəltmədə qüvvəli yemdən istifadə etməsək, bizdə məhsuldarlıq yaxşı olmayacaq. Azərbaycanda gün ərzində heyvandarlıqda çəti artımı 450-500 qramdır. Ancaq normal ölkələrdə 1 kiloqramdan yüksək, hətta bəzi ölkələrdə 2 kiloqrama yaxındır.
Bizdə hətta ölkələrlə müqayisədə 4 dəfə aşağıdır. Bu o deməkdir ki, Azərbaycanda ət istehsalı baha başa gəlir. Ona görə qiymətlər yüksəkdir. Nə qədər ki, Azərbaycan ot, yem istehsalını lazımi səviyyəyə çatdırmayıb belə olacaq. Yem az olanda ət olmayacaq, belə olduqda da qiyməti yüksək olacaq. Son vaxtlar ölkəyə gətirilən diri heyvanların burada kəsilməsini daxili isthsal kimi göstərilir.
Ancaq bu il 8 faiz ət istehsalında azalma var. Bu da özünü bazarda göstərir. Baxmayaraq ki, alıcılıq qabiliyyəti çox aşağıdır, ətin qiyməti yüksəkdir.Bu paradoksdur. İl ərzində adambaşına norma 78 kiloqram norma olduğu halda 35 kiloqram daxili istehsal hesabına istehsal edir, 5 kiloqram da ölkəyə gətirilən diri heyvanların hesabına, 5 kiloqram da dondurulmuş ət gətirilir.
Ümumilikdə adambaşına istehlak 40 kiloqramdır, Ermənistanda 63, Rusiyada 78, Belarusda 130 kiloqramdır. Əgər normaya uyğun ət istehsal olunmasa, hər zaman ətin qiyməti baha olacaq.
- Bölgələrdə fermerlər bəzi məhsullar çox ucuz qiymətə satıldığı üçün hətta istehsaldan imtina edir. Bakıda isə əhali bahalıqdan şikayətçidir. Vəziyyətin bu həddə gəlib çatmasının səbəbi işbazlardırmı?
- Biznesin bir qaydası var, istehsalçıların bir qismi tədarüklə, digər qismi isə birbaşa satışla məşğuldur. Bizdə istehsalçı var, müəyyən adamlar peyda olub ki, onlar gedib ucuz qiymətə alıb gətirib Bakıda baha qiymətə satırlar. Azərbaycanda topdansatış bazarı birdir. Niyə belə olsun, Bakıda niyə 5-6 topdansatış bazarı olmasın? Belə olan halda fermerlər özləri də gətirib sata bilərlər. Yaxud yaxın adamlarına həvalə edə bilər ki, onlar bir gündə həmin topdansatış bazarında satıb, qayıda bilərlər. Bu şəraiti yaratmaq lazımdır. Bazar monopoliyada olduğu üçün işbazlar sistem qurublar. Gedib bölgələrdən ucuz qiymətə heyvan alırlar, gətirib bir hissəsini marketlərə verirlər, bir qismini də baha qiymətə əhaliyə təklif edirlər.
Əgər fermerlər özləri məhsulunu topdansatış bazarına çıxara bilsə, istədiyi qiymətə sata biləcək və əhali də nisbətən ucuz qiymətə ət alacaq. Bu zaman fermerlər də istehsalda maraqlı olacaq, əhali də daha çox ət istehlak edəcək. Problem ondadır ki, inhisarçılar istəyir daha çox pul qazansın. Həm fermerin, həm də istehlakçıların hesabına qazanırlar. İtirən isə fermer, istehlakçılardır. Ölkədə çox ciddi monopliya var, aradan götürülməlidir. Hökumət bir neçə topdansatış bazarın yaradılmasına təşəbbüs göstərməlidir.
Nigar Abdullayeva