Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı ilə vətəndaşları aldatmaqda təqsirləndirilən Mələk Zeynalova barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Demokratikmusavat.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Aytən Əliyevanın sədrliyi ilə aparılacaq.
Mələk Zeynalova vətəndaşların şikayəti əsasında ötən ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp” ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb, zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pulları ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq, şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi vurub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və Mələk Zeynalova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mələk Zeynalova barəsindəki cinayət işi üzrə 46 nəfər zərərçəkən qismində tanınıb.
Əldə etdiyimiz məlumata görə, onların bir çoxu səhiyyə sahəsində çalışır. Qurbanlar arasında Türkiyə vətəndaşları da var.
Mələk Zeynalovanın qurbanlarından bəziləri bizimlə söhbətində bildirib ki, o, əvvəlcə etimad qazanıb, həqiqətən də ucuz qiymətə aviabiletlər və tur paketlər təşkil edib. Bununla əhatə dairəsini xeyli dərəcədə genişləndirib. Daha sonra isə əsl niyyətini həyata keçirməyə başlayıb.