"Allah bu dünyanı bizim üçün,
bizi isə Özü üçün yaradıb"

 

Eyyub Yaqubov: "Allaha sığınanlar üçün isə dünya

yıxılmır, yıxıla bilməz, bu dünya da gözəldir"

 

Bugünkü həmsöhbətimizi tapmaq, onunla görüşüb söhbət etmək, heç də asan olmadı. Sonunda, özünəməxsus səsi ilə milyonların qəlbinə yol tapan Eyyub Yaqubovun qəlbinə biz də yol tapa bildik. Onunla bu qısa söhbətimizi oxucularımızın da diqqətinə çatdırırıq.

-Salam Eyyub müəllim, qəzetimizə müsahibə vermək xahişimizi qəbul etdiyinizə görə sizə təşəkkür edirik. Necəsiniz?

-Allaha çox şükür, yaxşıyam. Çox sağ olun, Allah razı olsun.Siz də hər zaman yaxşı olun.

-Eyyub müəllim, Sizi daha çox Bakı haqqında mahnılar oxuyan müğənni kimi tanıyırlar, amma bu yaxınlarda ifa etdiyiniz "Yıxılır dünya" mahnısı bir çoxlarının diqqətini cəlb etdi. Sizcə, dünya nədən yıxılır?

-Düşünürəm ki, bu dünya imtahan, sınaq dünyasıdır. Dünya müvəqqəti dünyadır. Allah dünyanı bizim üçün, bizi isə Özü üçün yaradıb. Biz də gərək bu dünyadakı bütün sınaqlardan çıxmağı bacaraq. İnanıram ki, bundan sonra yaşayacağımız növbəti dünya bizim istədiyimiz dünya olacaq. Bu dünya əziyyətlərlə doludur. Bilirsiniz ki, dünya bütün tarix boyu həmişə zülm içində olub.

Sadəcə olaraq bunu bilməyənlər, bu dünyadan ikiəlli yapışanlar, bu dünyada hökm sahibi olanlar elə düşünürlər ki, sanki heç zaman ölməyəcəklər.  Bu fani dünyadan yapışıb, başqalarına hökm edərək dövranlarını sürdürürlər. Bu tip insanlara görə də, dünya yıxılır.

Allaha sığınanlar üçün isə dünya yıxılmır, yıxıla bilməz, bu dünya da gözəldir. Belə bir söz var, "bu dünyanı düzəltməyə çalışma, özünü düzəltsən, dünya da düzələcək". İnsan özünü, Allahın onu nəyə görə yaratdığını, bu dünyada öz yerini, vəzifəsini bilsə, imtahanlardan da keçə biləcək və artıq ona heç bir zülm, heç bir əziyyət təsir etməyəcək. Asanlıqla bütün mərhələlərdən keçəcək.

-Mahnılarda Mikayıl Müşfiqi ən çox tərənnüm edən sənətkarlarımızdan biri sizsiniz."Bizə bu nazlı aləm görünərdi qaranlıq, gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq" Sizcə Müşfiq bu misralarda bizə nəyi çatdırmaq istəyib?

-Nakam şairimiz Mikayıl Müşfiq də bu misralarda, məhz mənim yuxarıda dediklərimi insanlar çatdırmaq istəyir, gözəl yaşamaq, gözəl çarpışmaq, məhz insanlara üçün yaşamaq, Allah üçün yaşamaq, insanlara faydalı olmaqdır bu misraların ideyası. Belə olanda insan hər şeyin gözəl olduğunu görür. Əks halda hər şey qaranlıq olur. Dünya zülmətə dönür. Çünki yaşadığımız həyatın da iki üzü var-işıqlı, nurlu və qaranlıq zülmət. Müşfiq həmin misralarda da bizə bunları çatdırmaq istəyir.

- İnsan xoşbəxtliyi deyilən bir anlayış var. Hamı xoşbəxt olmaq istəyir, lakin heç də bütün insanlar buna nail ola bilmirlər. Sizcə, Xoşbəxtlik nədir?

-Xoşbəxtlik ilk qövbədə Allaha sığınmaqdır. Əks halda bilirsiniz necədir? Həyatda müxtəlif hadisələr olur. Sevinirsən, kədərlənirsən, amma bu, əsl mənada xoşbəxtlik deyil. Əsl mənada xoşbəxtlik Allaha sığınmaqdır. Məhz o zaman xoşbəxtlik daimi olur.

-Bir övladınız var. Baba olmusunuz. Baba olmaq necə bir hissdir?

-Çox gözəl hissdir. Həmişə eşitmişik ki, deyirlər: "dövlətdə dəvə, övladda nəvə". Doğurdan da, nəvə çox şirin olur. İnsan öz övladının balasını görəndə qəribə hisslər keçirir. Əlbəttə, sevinirəm. Allaha çox şükür. Allah bütün balaları saxlasın.

-Eyyub müəllim, son zamanlar səsiniz-sorağınız çox az eşidilir. Hazırda hansı işlərlə məşğulsunuz, yeni mahnılar üzərində çalışırsınızmı?

-Bəli, əlbəttə. Yaradıcılıq elə bir işdir ki, gərək daim axtarışda olasan, çalışasan, təkrarçılığa yol verməyəsən. Ortaya çıxanda da səhnəyə yeni bir iş, yeni nəfəs çıxarasan ki, dinləyicilərin səndən bezməsinlər, usanmasınlar, əksinə sənin hər bir yeni işin onların ruhunu oxşasın. O ki qaldı səs-sorağımın az eşidilməsinə, bunu bəzən məndən də soruşurlar. Yuxarıda da qeyd etdim, insan təkrarlanmaq istəmir. Yeni işlər üçün isə vaxt lazımdır.Yaradıcılığın mahiyyəti budur. Məzmunsuz, mənasız işlərlə tez-tez görünməkdənsə, maraqlı bir işlə gec-gec görün-mək məncə daha yaxşıdır.

- Belə deyirlər ki, musiqiçilər həmişə rəqabətdə olurlar. Sizin sevdiyiniz  musiqiçilər varmı və kimlərdir?

-Sevdiyim musiqiçilər çoxdur. Ümumiyyətlə, mən klassik musiqini daha çox sevirəm. Fortopiano üzrə təhsil almışam. Orda isə klassik musiqi üzrə təhsil verilir. Orda çox böyük sənətkarlar var idi. Onların hamısını sadalasam çox vaxt gedər. Böyük dühalardan Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev,Vaqif Mustafazadəni çox sevirəm. Vaqif Mustafazadənin musiqilərinə uşaqlıqdan qulaq asıram.

- Hər bir insanın əsas işindən başqa bir maraq dünyası da olur, Sizin Hobbiniz varmı?

-Bilmirəm vallah!(gülür)

- Və sonda ənənəvi bir sual. Oxucularımıza nələr arzu edərdiniz?

-Həmişə maraqlı məlumatlar əldə etsinlər. Ən əsas da xoşbəxtlik,ruh yüksəkliyi arzu edirəm. Allahutəala hər kəsin qismətini yetirsin!

 

Fərəh Orucova

0.15741896629333