20 Yanvarın şahidi olan həkim: "Yaralı rus əsgərləri mənə həvalə etmişdilər"

 

"20 Yanvardan bir neçə gün əvvəl Tibb Universitetinin tələbələri müqavimət hərəkatına qoşulmuşdu. Demək olar ki, əksər tələbələr camaatı müdafiə etmək üçün dəstələrə yazılmışdı". 

Bu sözləri Ölkə.Az-a açıqlamasında 20 Yanvar hadisələrinin şahidi, Sabunçu Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri Mahir Vəliyev deyib. Hələ tələbə olarkən insanların rus əsgərləri tərəfindən gözünün qarşısında güllələndiyini görən həkim indiyədək Şəhidlər Xiyabanına gedə bilmədiyini söyləyib:

"20 yanvar günü hadisələrin başlanmasına təxminən 1-2 saat qalmış Tibb Universitetinin yataqxanasına xüsusi avtobuslar gəldi, biz hamımız könüllü şəkildə avtobuslara doluşub Leytenant Şmidt Adına Zavodun yataqxanasının qarşısına getdik. Saat 12 radələri idi. Böyük bir dəstə rus əsgərləri maşından tökülüşdü, biz də 2 cərgə şəklində düzülmüşdük. Göyə işıqlandırıcı güllələr atmağa başladılar. Sonra çevrilib camaatı gülləbaran etdilər. Yanımızda təminən 45-50 yaşlarında olan bir kişi yaralandı. Biz onu aparıb bir evin blokunda yaralarını sarıdıq, təcili yardım çağırdıq. Haradasa 10-15 dəqiqədən sonra təcili yardımla özümüzü 5 nömrəli xəstəxanaya çatdırdıq. O vaxtı mən 5-ci kursda oxuyurdum. Dərhal oradakı həkimlərlə birgə xəstəxanaya gətirilən çox sayda yaralılara yardım göstərməyə çalışırdıq. Bu zaman 7 nəfər avtomatlı rus "soldat"ı yaralı vəziyyətdə xəstəxanaya gətirildi. Bizi məcbur edirdilər ki, əvvəl onlara yardım göstərilsin. Ona görə də xəstəxananın həkim heyəti həmin rusları mənə həvalə etdilər ki, sən onların yaralarını tik, öz həkimlərimiz də bizim yaralılara kömək etsin. Mən də onların təzyiqi altında rus əsgərlərin yaralarını necə gəldi tikdim. Səhərə yaxın onları KQB-nin hospitalına təhvil verib geri qayıtdım. Ondan sonra düz bir aydan çox "Semaşko"nun cərrahiyə şöbəsində 20 Yanvarda yaralananlara qulluq elədim. Hər cür yaralı var idi. Onların çoxu gözümüzün qarşısında rəhmətə getmişdi. Ona görə mən hələ də Şəhidlər Xiyabanına gedə bilmirəm. Bütün bunları görən biri kimi mənə çox ağır gəlir". 

Billurə Yunus

0.22655296325684