Moskva rəhbərliyinin “toxunulmaz” direktoru – qəbul otağında işıqfor quraşdırılıb...  

 

Onun cinayətkar şəbəkəsini ifşa etmək üçün hazırlanan əməliyyata nə az, nə çox hüquq-mühafizə orqanlarından 400 nəfər cəlb edilib. Söhbət heç də narkotik vasitələri qanunsuz dövriyyəyə buraxan narkotacirdən, silsilə qətllər törədən şəxsdən getmir. Moskva univermaqlarının birinə rəhbərlik edən Vladimir Kantorun qanunsuz əməlləri və özbaşınalığı o həddə çatıb ki, “toxunulmaz” direktorun həbsi Kreml kabinetlərində müzakirə edilib.

Kim olub Vladimir Kantor?

1970-ci illərin sonunda Moskvadakı “Sokolniki” univermağına direktor təyin edilən Vladimir Kantor haqqında əfsanələr dolaşıb. Hətta Yuri Andropov hakimiyyətə gəldikdən sonra korrupsiyaya, rüşvətə, qanunsuz ticarətə, dövlət əmlakını mənimsəyənlərə qarşı genişmiqyaslı mübarizəyə başlayanda belə Vladimir Kantoru tora sala bilməyib. Haqqında bir neçə dəfə materiallar toplansa da univermaq direktoru haqqında cinayət işi açmaq üçün kifayət qədər dəlil və sübut tapılmayıb.

Moskva şəhər İcraiyyə Komitəsinin sədri Promıslovla bacanaq olan Vladimir Kantorun Moskva şəhər Partiya Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü Viktor Qrişinlə də yaxın dostluq münasibətləri olub. O, birincilərlə olan dostluq münasibətlərini heç vaxt gizlətməyib, onlarla birgə necə əyləndikləri, ova getməkləri, birgə toplaşdıqları məclislər haqqında ətrafdakılara həvəslə danışıb. Elə bu münasibətlərin sayəsində o, yerli rayon sovetinin deputatı seçilib. Cibində gəzdirdiyi deputat vəsiqəsi və yuxarılarla sıx dostluq əlaqələri Kantoru “toxunulmaz” şəxsə çevirib.

Direktorun özbaşınalığı o həddə çatıb ki, onun kabinetinin qarşısındakı qəbul otağına işıqfor quraşdırılıb. Bəli, sözün əsl mənasında küçələrdə olan işıqforların kiçik formasında olan üç rəngli qurğu. Qurğunun işıqlarını isə kabinetdə əyləşən Vladimir Kantor tənzimləyib. Qırmızı işığın yanması onu göstərib ki, kimliyindən asılı olmayaraq kabinetə daxil olmaq qadağandır. Sarı işıq qəbula gələnlərin gözləməsinə işarə edib. Yaşıl işıq yananda isə katibənin icazəsindən sonra gözləyənlər bir-bir içəri daxil olublar.

“Sokolniki” univermağında müvafiq qurumların cari yoxlamalarını Vladimir Kantor saya salmayıb. Mövcud dövrdə ticarət sahəsində çalışanların ən çox çəkindiyi SƏDM əməkdaşlarını (OBXSS) Vladimir Kantor heç kabinetinə belə buraxmayıb.

SSRİ-yə idxal olan xarici malların bölgüsündə “Sokolniki” univermağının xüsusi payı olub. Moskava şəhər ticarət idarəsi “qarşılıqlı anlaşma” nəticəsində Vladimir Kantoru ən defisit mallarla təmin edib. Amma bu malların heç beş faizi univermaqda satılmayıb. Vladimir Kantorun “alverçi şəbəkəsi” malları birbaşa anbarlardan daşıyıblar.

Univermaq direktoru daha çox zinət əşyalarından, brilyant və qızıl məmulatlarından zənginləşib. 1970-ci illərin sonlarından başlayaraq zinət əşyalarının qiymətləri qalxanda Vladimir Kantor yüz minlərlə rubl dəyərində qızıl və brilyant alıb və onları mənzilində, bağ evində gizlədib. Bir müddət keçdikdən sonra, qiymətlər qalxanda həmin malları yeni qiymətlə özünün daimi müştərilərinə satıb. Təkcə 1981-ci ildə Vladimir Kantor bu maxinasiyadan 800 min rubl qazanıb.

Vladimir Kantor təkcə univermaqdakı gəliri ilə özünü məhdudlaşdırmayıb. Mənzil və avtomobil almaq arzusunda olanlar, işə düzəlmək, prestijli institutlara qəbul olunmaq istəyənlər də ona üz tutublar. O, öz maraqlarını da təmin edərək hamının işinə “yarayıb”.

Onun çoxşaxəli “fəaliyyəti” ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinin, həmçinin Kremlin diqqətindən yayınmayıb və hamı onun kimlərə arxayın olduğunu da yaxşı bilib. Xüsusilə Kantora Moskvanın birinci katibi Viktor Qrişinin hamilik etməsi də heç kim üçün sirr olmayıb.

Nəhayət, 1985-ci ildə Vladimir Kantorun cinayətlərini açmaq üçün Moskva şəhər Daxili İşlər İdarəsində xüsusi qrup yaradılıb. Mərkəzi Komitənin göstərişi ilə xüsusi qrup Viktor Qrişinin Macarıstanda səfərdə olduğu zaman fəaliyyətə başlayıb. Ən maraqlı fakt isə odur ki, yuxarıda qeyd etdiyimiz kimi Vladimir Kantorun “şəbəkəsi”ni ifşa etmək üçün ümumilikdə hüquq-mühafizə orqanlarından 400 nəfər əməkdaş cəlb olunub. Əməliyyatın məxfiliyinin qorunması üçün hər bir əməkdaşdan iltizam alınıb.

1 aprel 1985-ci ildə Vladimir Kantor mənzilindən çıxanda, o, milis əməkdaşları tərəfindən saxlanılıb. Direktor əvvəlcə elə düşünüb ki, onunla 1 aprel zarafatı edirlər. Məsələnin ciddiliyini anlayanda Kantor son azadlıq dəqiqələrində də hikkəsindən əl çəkməyib:

Bu nə özbaşınalıqdır? Siz buna görə cavab verməli olacaqsınız? Mən deputatam.

O, bu sözləri dediyi zaman isə rayon xalq deputatları sovetinin iclası başlayıb, Vladimir Kantorun deputatlıq səlahiyyətinə xitam verilib.

Axtarış zamanı Vladimir Kantorun mənzilindən və bağ evindən ağılasığmaz miqdarda pul və zinət əşyaları aşkar edilib. SSRİ Daxili İşlər Nazirliyi tərəfindən əməliyyata rəhbərlik edən milis polkovniki Oleq Artyuxin sonralar verdiyi müsahiblərdə axtarış zamanı təəccübünü gizlədə bilmədiyini söyləyib:

“Vladimir Kantorun var-dövlətini sakitliklə qarşılamaq mümkün deyildi. 10 kiloqram xalis qızıl, 619 min rubl, 749 zinət əşyası. Onun 15 otaqlı bağ evi, böyük mənzili yaşayış yerindən daha çox İsveçrə bankını xatırladırdı. Aşkar edilən təkcə saydıqlarım deyil. Bu yalnız axtarışın birinci günü tapılmışdı. Hansı seyf açılırdısa içərisindən ən azı 100 min rubl çıxırdı...”

Vladimir Kantor elə düşünüb ki, “dost”ları onu dar gündə qoymayacaqlar. Xüsusilə də o, Viktor Qrişinə arxalanıb. Ancaq 1985-ci il SSRİ-də elə bir dövr olub ki, Qrişin heç özünü qoruya bilməyib. Amma buna baxmayaraq o, Kantoru güllələnmə cəzasından xilas edib.

Məhkəmədə Vladimir Kantoru 7 maddə ilə ittiham ediblər və o, əmlakı müsadirə olunmaqla 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən bir həftə sonra sabiq univermaq direktoru və deputat düşdüyü vəziyyətə tab gətirməyərək ürək çatışmazlığından vəfat edib.

Musavat.com

0.14255785942078