Sürət həddi müəyyənləşdi, qaldı… - TƏKLİFDƏN QALANLAR

 

Xəbər verdiyimiz kimi, yanvarın 13-də Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölümlə nəticələnən avtoqəza baş vermiş, hadisə nəticəsində 26 yaşlı Cəfər Həsənov vəfat etmişdi.

Ölkə.Az-ın araşdırması zamanı bu hadisə sözügedən yolda ölümlə nəticələnən ilk qəza olmadığı, ötən ilin noyabrında da ödənişli yolda baş verən qəza nəticəsində 2 nəfərin öldüyü üzə çıxmışdı.
Təəssüf ki, ödənişli yolun istifadəyə verilməsindən sonra ölümlə nəticələnən qəzalar olsa da, hansısa tədbir görülməmişdi. 
Mövzu ilə bağlı Ölkə.Az-a danışan yol-nəqliyyat eksperti Eldəniz Cəfərov həmin magistral yol işıqlandırılması, yaxınlıqda avtomobil təmiri, təcili yardımla bağlı hər hansı bir köşkün olmaması və konkret sürət həddinin təyin edilməməsi kimi 3 vacib məqama diqqət çəkmişdi.

Ölkə.Az faciəvi hadisə ilə bağlı məqalə hazırladıqdan qısa müddət sonra sözügedən magistralda artıq konkret sürət həddi müəyyənləşdirilib.

Belə ki, ödənişli avtomobil yolunda maksimal sürət həddi 110 km/saat nişanı quraşdırılıb.
Magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu hamı bilsə də, nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.

Məlumata görə, sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulur.  

Qeyd edək ki, ödənişli yol ötən ilin oktyabrında istifadəyə verilib.

 

0.16640996932983