Şəki Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürəməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Sərxan Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, hadisə 14 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Yevlax rayonu ərazisində qeydə alınıb.
Belə ki, Sərxan Məmmədov qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşadığı arvadı, həmin vaxt hamilə olduğunu bildiyi zərərçəkmiş A.Yusubovanın başqa bir kişi ilə arasında sevgi münasibətləri olmasını eşidib. O, qısqanclıq zəminində arvadından qisas almaqla öldürmək qərarına gəlib. Hadisə günü Sərxan bıçaq götürərək qadının yaxın qohumları ilə birlikdə yaşadığı ünvana daxil olub. Təqsirləndirilən şəxs birbaşa A.Yusubovaya yaxınlaşaraq üzərində olan bıçağı çıxardıb bir əlində saxlayıb, digəri əli ilə qadının saçlarından tutub yerə yıxıb. Həmin vaxt A.Yusubovanın anası G.Yusubova, xalası V.Yusubova və qardaşı E.Yusubov (həmin şəxslər də zərərçəkmiş qismində tanınır) otağa daxil olub. Onlar Sərxanın A.Yusubovaya xəsarətlər yetirməsinin qarşısını almaq istəyiblər. Bu zaman o, həmin şəxslərə də xəsarət yetirib. Daha sonra təqsirləndirilən şəxs digər zərərçəkmişlərin gözləri qarşısında hamilə arvadının bədən nahiyələrinə çoxsaylı zərbələr endirib. O, A.Yusubovanın öldüyünü zənn edərək hadisə yerindən qaçıb.
Xəstəxanaya çatdırılan A.Yusubovanın həyatını xilas etmək mümkü olub.
Hadisədən sonra Sərxan Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.