Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

 

Türk lirəsi dollar qarşısında dəyər itirməkdə davam edir. Son məlumata görə, dollar lirə qarşısında 0.18% bahalaşaraq rekord səviyyəyə - 30 lirəyə çatıb. Avro isə lirə qarşısında 0.13% dəyər qazanaraq 32,95 lirə olub. Türkiyənin milli valyutasının ABŞ dolları qarşısında bu qədər dəyər itirməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, türk lirəsinin dəyər itirməsi Azərbaycan bazarına müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, tərəfdaş ölkədə valyuta ucuzlaşdıqda idxal ölkəsinin daxili bazarında uduşlar qeydə alınır. 

İqtisadçı bildirib ki, türk lirəsinin dəyər itirməsi Azərbaycan bazarına müsbət təsir göstərərək oradan idxal olunan bütün malların qiymətlərinin ucuzlaşmasına səbəb olur: "Rəqabətli bazarda yeni qiymətə müştərini öyrəşdirmək bir az çətin prosesdir. Türkiyə bazarı rəqabətli olduğu üçün orada yeni qiymətlər formalaşana qədər uduşlar qeydə alınır. Hətta bahalaşan qiymətlər də inflyasiyadan bir qədər aşağı səviyyədə olur. Məsələn, inflyasiya 20% enibsə, qiymətləri heç də 20% bahalaşdırmırlar. Bu halda Türkiyədən bizə gətirilən bütün məhsullar ucuzlaşmalıdır". 

A.Nəsirli həmçinin xatırladıb ki, Azərbaycan təkcə Türkiyədən məhsul idxal etmir, həm də ixrac edir. O qeyd edib ki, belə olan halda ixracda uduzuruq: "Çünki ixrac edilən məhsul Türkiyənin daxili bazarına uyğulaşması üçün onun qiymətində müəyyən qədər ucuzlaşma qeydə alınır".

İqtisadçı ekspert Xalid Kərimli isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, türk lirəsinin dollar qarşısında dəyər itirməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək.

Onun sözlərinə görə, eyni zamanda lirənin sürətlə ucuzlaşması Azərbaycanın Türkiyədən idxalını həvəsləndirir: "Son bir neçə aya nəzər saldıqda türk lirəsinin dollar qarşısında kəskin dəyər itirdiyini görürük. Lirənin dəyər itirməsi Azərbaycana Türkiyədən idxal olunan məhsulların ucuzlaşması deməkdir. Belə hallarda insanlar alış-veriş etməyə daha çox maraq göstərirlər. Çünki manat dollara fiksiya edilmiş bir rejimdədir və lirənin ucuzlaşması manatın bahalaşması deməkdir".

X.Kərimli həmçinin qeyd edib ki, lirənin dollar qarşısında dəyər itirməsindən idxalçı sahibkarlar əziyyət çəkirlər: "Çünki onlar bir neçə ay əvvəl malı cari anda alış edən vətəndaşla müqayisədə daha baha qiymətə gətiriblər. Bu zaman vətəndaş üstün mövqeyə keçə bilir. Amma devalvasiya sonradan infilyasiyaya səbəb olur. Bu da idxal infilyasiyasına təsir göstərir. Bu, lirənin nə qədər devalvasiya olmasından və inflyasiyanın həcmindən asılıdır”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı məzənnəyə əsasən, 1 lirə 0,0567 manata ticarət edilir.

 

0.2039577960968