2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8,5%-ə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0,5%-lik azalmaya getdi. Adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də, kredit faizlərində də enişlər müşahidə edilir.
Demokratikmusavat.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Mərkəzi Bankın uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra, əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır:
"Əvvəllər 5-6% dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8-9,5% arasında dəyişir. Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımından müsbət olsa da, unutmaq lazım deyil ki, bu, banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil".
Millət vəkilinin sözlərinə görə, depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də, onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşmədi: "Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir".
"Bu arada, Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalma qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunmaqdadır", - deyə V. Bayramov əlavə edib.