Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
“Ölkə.az” xəbər verir ki, planda şəhərin mərkəzi ərazilərində müasir standartlara cavab verməyən və kommunal infrastruktur ilə təminat baxımından çatışmazlıqların olduğu köhnəlmiş mənzil fondunun yerləşdiyi ərazilərin mövcud olduğu, həmin ərazilər üzrə əlavə təhlillərin aparılması, ərazilərin yenidən qurulması və ya köçürülməsi ilə bağlı planlaşdırma konsepsiyalarının müəyyən edilməsinin tələb olunduğu qeyd olunub.
Əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Bakı şəhərində köhnə mənzil fondu daha çox Yasamal, Nərimanov, Nəsimi və Səbail rayonlarını əhatə edir:
“Paytaxt ərazisində torpaq sahələri məhdud olduğundan tikinti şirkətləri həmin normativlərə əməl edə bilmirlər. Digər tərəfdən həmin binalar sökülməli, insanlar yeni mənzillərlə təmin olunmalıdır. Hazırda paytaxtın sadaladığımız ərazilərində minlərlə istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları və çox sayda qəzalı vəziyyətdə olan binalar var”.
Ekspertin fikrincə, tikinti işləri müxtəlif şirkətlər tərəfindən pərakəndə şəkildə aparılır: “Bu işlər Baş plana uyğun olaraq standart formada aparılmalı, şəhərin tikinti ansamblı pozulmamalı, xarici görünüşünə xələl gəlməməlidir. Bəzi ərazilərdə binalar o qədər sıx şəkildə tikilib ki, bu binalarda tam yaşayış olduqdan sonra, ciddi tıxaclar meydana gələcək”.
“Yeni planla tikinti işləri aparılan zaman bütün avtomobil yollarının ölçüsü, səkilərin eni, avtodayanacaq sahələri nəzərə alınmalıdır. Baş plana uyğun olaraq sökülməli olan binalar sökülərsə və sadalanan problemlər həllini taparsa, gələcəkdə tıxac və digər problemlərin qarşısı alınar”, - deyə ekspert əlavə edib.
Könül
Ölkə.Az