İnternet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edilib

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”ni təsdiq edib.

“Ölkə.az” xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Yeni qərara əsasən, bu sahələr üzrə keyfiyyət göstəricilərinin əsas prinsipləri müəyyənləşib. Bunlar, operativlik, dəqiqlik, dayanıqlılıq, əlçatanlıq, şəffaflıq, ayrı-seçkiliyin olmaması, etibarlılıq, informasiyanın tamlığı, məsuliyyətlilik, konfidensiallıq və təhlükəsizlikdir.

Bundan başqa, İKT sektoru üzrə xidmətlərin keyfiyyətin yaxşılaşdırılması çərçivəsində çağrı mərkəzi tərəfindən 20 saniyə ərzində cavablandırılan zənglərin ümumi zənglərin sayına olan nisbətinin 95 %-ə çatdırılması, şikayətlərin aradan qaldırılma müddətinin planlaşdırıldığı müddətdə aradan qaldırılması nisbətinin 99 %-ə çatdırılması hədəflənir.

O cümlədən, istehlakçıların xidmət təchizatı ilə, eləcə də sorğu xidməti ilə və şəbəkə keyfiyyəti, etibarlılığı və əlçatanlığı ilə bağlı şikayət tezliyinin 5 %-dən aşağı, hesab-faktura ilə bağlı şikayətlərin 1 %-dən aşağı səviyyəyə endirilməsi planlaşdırılır.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

0.39212584495544