Husilərin gəmilərə hücumu konteynerlərin qiymətini artırdı

 

Bir neçə gün öncə “Maersk” şirkətinə məxsus konteyner gəmisinin Qırmızı dənizin cənubunda atəşə tutulması və raket hücumlarından sonra okeanda yükdaşıma tarifləri yüksəlir.

Reuters xəbər verir ki, Yəmənin husi üsyançıları Qəzzada Həmas qruplaşmasına dəstək nümayişi üçün noyabr ayından etibarən Qırmızı dənizdə yük gəmilərinə hücumlar edir. Bu isə gəmiləri marşrutu dəyişdirməyə məcbur etdiyindən tariflər artırılır.

Süveyş marşrutu “IKEA”, “Walmart” və “Amazon” kimi şirkətlər tərəfindən istifadə edildiyi üçün hücumlar artıq çoxsaylı şirkətlər üçün nəzərdə tutulan məhsulların çatdırılmasını gecikdirir.

Beynəlxalq yükdaşımalar üçün sifariş və ödəniş platforması olan “Freightos” (CRGO O) şirkətinin məlumatına görə, Asiyadan Şimali Avropaya tariflər bu həftə iki dəfədən çox artaraq 40 futluq konteyner üçün 4 min dolları keçib, Asiyadan Aralıq dənizinə qiymətlər isə 5,175 min dollara yüksəlib. Şirkət bəzi daşıyıcıların ayın ortalarından etibarən Aralıq dənizi daşımaları üçün 40 futluq konteyner üçün 6000 dollardan yuxarı tariflər müyyən etdiklərini və hər bir konteyner üzrə 500 dollardan 2700 dollara qədər əlavə ödəniş tələb etdiklərini bildirir.

Çərşənbə günündən etibarən yüzlərlə konteyner gəmisi və digər gəmilər istiqamətini dəyişib və onların səfərlərinin müddəti 7-20 gün aralığında artırılıb.

Xatırladaq ki, 2023-cü il dekabrın 30-31-i tarixlərində Danimarkanın “Maersk” şirkətinə məxsus “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubunda Yəmənin husi üsyançıları tərəfindən atəşə tutulub, bir raket gəmiyə dəyib.

Qeyd edək ki, Süveyş kanalı Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirir və Asiya və Yaxın Şərqdən Avropaya yanacaq, ərzaq və istehlak mallarının daşınmasının ən sürətli yoludur. Yükgöndərənlər qlobal konteyner yüklərinin üçdə birini daşımaq üçün bu marşrutdan istifadə edirlər. 

 

 

0.23180103302002