Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərara alınıb.
“Ölkə.Az”ın SOCAR-a istinadən verdiyi məlumata görə, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.
Bərpaolunan enerji, "yaşıl hidrogen"in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.
“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə birgə "Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur.
Qeyd olunan nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC "yaşıl enerji", dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin “xalis sıfır” emissiya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək.