“Rəşid Behbudovun sözündən sonra saçıma qayçı dəymədi” - Səkinə İsmayılova ilə MÜSAHİBƏ

 

Lent.az-ın müsahibi Xalq artisti, professor, tanınmış xanəndə Səkinə İsmayılovadır. 

Səkinə İsmayılova 4 fevral 1956-cı ildə Bakının Bülbülə kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O muğamı qavalla ifa edən, həmçinin  qadınlardan ibarət muğam üçlüyü yaradan ilk qadın xanəndədir.  

- Səkinə xanım, sizinlə görüşə gələrkən düşünürdüm ki, görəsən illərə rəğmən necə belə gənc, gözəl qala bilirsiniz? Amma  İncəsənət Universitetinin otaqlarından gələn musiqi səslərini eşitdikcə, anladım ki, bu sehrli aləminin içində qocalmaq mümkün deyil.

- Bizi musiqi yaşadır. İnsanın qocalmağı onun ruhu ilə əlaqədardır. Ruhunu cavan saxlasan, həm sağlam, həm gənc, həm gözəl olacaqsan. İnsanı əldən salan ruhsuzluqdur. Sənət adamın enerjisi yüksək olmalıdır ki, səhnəni doldursun, tamaşaçını  ələ ala bilsin. Ruhu aldatmaq olmur axı. 
Adam var dərd axtarır çəkməyə. Onu heç nə ilə məmnun etmək olmur, sevinməyi bacarmır. Hamının sınaqları, çətinlikləri var. Həyatın sınaqları insan üçündür. Əsas odur öz dərdinlə başqalarını yükləməyəsən. 

- Bir dəfə demişdiniz ki, qızınızın sizin yolunuzu getməsini istəməmisiniz. Musiqi içində keçən ömür niyə çətindir sizçə? 

- Övladımın bu sənətə gəlməsinə icazə vermədim. Çünki çox çətin bir sahədir, hər adam müğənninin ömür yoldaşı olmağa səbir edə bilmir. İstədim tam dolğun, xoşbəxt bir ailəsi olsun. Mənə qalsa nəvəm Səkinənin də muğam sənətinə gəlməsini istəmərəm. Amma görsəm ki, qeyri-adi istedadı var, mane olmaram. Mənim yoldaşım qohumum idi deyə, sənət yolum rəvan alındı.  Gənc yaşda ailə qurdum. O vaxtlar valideynlər qızlarını müğənni olmağa qoymaq istəmirdilər, gördülər mən fikrimdən dönmürəm, evləndirdilər, bir növ məsuliyyəti üzərilərindən atdılar. Evdən dedilər başını bağlayaq ixtiyarı ərində olsun. Birdən sual verirlər ki, siz bu xoşbəxt qadın obrazını necə yaratmısınız? Bunun bir düsturu varmı? Deyirəm bu obraz, düstur deyil, mənim zəhmətimdir, yaşantımdır. “Olarlarımın”, “olmazlarımın” yaratdığı Səkinəni görürsünüz siz. Hamı “olmazlar”la yaşaya bilmir. Mənim “olmazlar”ım daha çox olub və bunun xeyrini görmüşəm. Hər “olar”ın axırında səni nə gözləyir bilmirsən axı. Böyüklər nəyisə bilib deyir. Biz böyük sözünə qulaq asa-asa gəlmişik.  Bizim vaxtımızda sənətə gəlib, məşhur olmaq asan deyildi.
Əslində hüquqşünas olmaq istəyirdim. Məni yolumdan döndərən müəllimim Vidadi Xəlilov oldu. 11-12 yaşımda mənə dedi ki, istəsən hüquqşünas ola bilərsən, amma belə səsi Allah hər kəsə vermir. Onun tövsiyəsi ilə bu sənətə gəldim. İndi də hərdən zəngləşirik. Hər dəfə deyir, unutmursan, adımı çəkirsən. Deyirəm, hara unudum, siz atdınız məni bu odun alovun içinə (gülür). Həyat yoldaşım mənə ailəmdəkilərdən daha çox dəstək oldu. 

- Çox gözəl qadınsınız. Qısqanclıq edirdi?

- Əlbəttə. Bu da olurdu. Yüzlərlə məktublar gəlirdi. Çoxunu indi də saxlayıram. Sonra alışdıq, zamanla dəyişdi, sənətimə mane olmadı. Ailə səbir işidir. O neftçi idi. Dəstək verirdi. Bəzən hansısa tədbirə getmək istəməyəndə israr edirdi ki, gedim. Qızımı böyütməkdə baldızımla anam kömək etdilər.

- 30 il səhnəmizin Əslisi, Leylisi oldunuz. Demək olar hər gün səhnədə, tamaşaçı qarşısında idiniz. Çətin deyildimi?

- Çox çətin idi. Aya 15-20 tamaşa oynayırdım. O vaxt Rübabə Muradov, Nəzakət Məmmədova, Zeynəb Xanlarova və mən idim solist. Rübabə xanımla Nəzakət rəhmətə gedəndən sonra yük qaldı Zeynəblə mənim üstümdə.

- Bu sizi yorub əldən salmırdı?

- Axı başqa işlə məşğul olmurdum. Operada işləyənə qədər toylara gedirdim. İşə başlayandan sonra gördüm toyla tamaşa alınmır. Toydan yorğun gəlirsən, sabaha tamaşa var və səhnəyə çıxmalısan. Səs işləməsə nə edəcəksən? Elə oxumalısan ki, ən arxa sıradakı tamaşaçı da eşitsin. Amma səhnə insana başqa bir güc, enerji verir.

- Amma bir toydan əldə edilən qazanc bir aylıq maaşa bərabər idi...

-  Sənəti üstün tutmuşam. Maddiyyat önəmli olmayıb. Kimin pula ehtiyacı yoxdur? Mən muğama hörmət eləmişəm. Şou proqramlara muğam oxuyanlarımız da gedirdilər, getmədim. Düşünürəm ki, muğama xiridarlar qulaq asmalıdır. Şou proqramda onun yeri yoxdur. 

- Muğama xarici ölkələrdə həqiqi sevgi hiss edirdiniz? Yoxsa bu onlar üçün ekzotika kimi görünürdü?

- 40-dan çox ölkəyə səfər etmişəm. Xaricilərə bizim etnomusiqimiz, milli mahnılarımız maraqlıydı. Çünki popun, estradanın yaradıcısı onlar idi, muğam başqa bir dünyadır. Onlar bizim zəngulələrə, xırdalıqlara heyran qalırlar. Bir dəfə Fransada mənim boğazıma  baxdılar ki, görsünlər boğazımda hansısa səs aparatı var ya yox. Onların yanında bir avaz zildən oxuyanda heyrət etdilər.

- Eşitdiyimə görə, Rəşid Behbudov sizə saçlarınız kəsdirməyi qadağan etmişdi.

- Bəli olub elə bir şey. Onun özü ilə xaricə qastrola apardığı tək xanəndə mən idim. Birlikdə Almaniyada, Fransada, Hindistanda olmuşuq. Deyirdi “detoçka, saçlarını kəsmə, sən əsl Azərbaycan xanımı obrazındasan”. Mən də uzun illər saçlarıma qayçı vurmadım. 

- Bu fikrimlə bəlkə də razılaşmayacaqsınız. Mənə belə gəlir ki, indiki muğam ifaçıları texniki baxımdan daha zərif, daha düzgün oxuyurlar. Əvvəlki illərdə, xüsusən kişi müğənnilərin səsində qışqırtı, küy var idi...

- Muğamı gənc nəsillərə sevdirmək üçün ona yeni nəfəslər qatmaq lazımdır. Muğamı ifa edə-edə onu köhnəliyə yox yeniliyə aparmışam. Ona görə, köhnə nəsil də qəbul edir, gənc nəsil də.

- Ürəyinizi titrədən muğam ifaçısı kimdir? Kimi dinləyirsiniz könlünüzə muğam düşəndə?

- Klassiklərə qulaq asıram. Ürəyimi titrədən səs tembri Rübabə Muradovanınkıdır. Səsi məni yormur. Başqa həsrətlə qulaq asdığım səs yoxdur. Ola bilər kiminsə bir məqamını, bir boğazını bəyənəm.

 

- Bu gün ekrana çıxan, heç bir istedadı olmayan, vulqar sənət nümayiş etdirən müğənnilər sizi qıcıqlandırır?

- Yox, hər kəs özünə cavabdehdir. Mən hacı xanımam.  23 il öncə Məkkədə olanda, kəfəni əvəz edən o ağ libası geyinib təvaf edəndə anladım ki, hər kəs Allah qarşısında eynidir. Statusundan asılı olmayaraq hamımız birik. Təkəbbürlü insanları sevmirəm. Onlar cılız adamlardır. Fərqi biz özümüz özümüzə qoyuruq. Heç demirəm onun villası var, mənim yoxdur. Onun pulu var, mənim sənətim. Allah dərgahında bərabərik. O müğənnilərin məşhurlaşmasında siz medianın da günahı var. Təqsir sizdədir.

- Qarşıdan Prezident seçkiləri gəlir. Kimə səs verəcəksiniz?

- Prezidentimə, İlham Əliyevə. Səbəb odur ki, azadıq, ürəyimiz sevinir. Torpaqlarımız azad olunub. 30 il ərzində içimizdə bir utanc duyğusu var idi. Prezidentimiz yaşatdı bizə zəfər duyğusunu. Bir tək bu səbəb yetər ki, ona səs verək. Mən Prezidentimiz İlham Əliyevin də, Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın da mədəniyyətə, incəsənətə xüsusən, muğamımıza olan böyük diqqətinin şahidiyəm. Allah rəhmət eləsin Xalq artisti Əlibaba Məmmədovu gedib evində ziyarət etmişdi Mehriban xanım.  İndiyəcən bu işi kim görmüşdü? Mehriban xanım Azərbaycan muğamını yaşatmaq üçün əlindən gələni edib. Bəli muğam həmişə sevilib, amma o muğamı çərçivədən çıxartdı, dünyaya tanıtdı. Beynəlxalq festivallar keçirildi. Bir çox şərq xalqlarının muğamı var. Amma biz ona sahibləndik. Öz yolumuzu dünyaya göstərdik. Muğamı yaşatmaq Azərbaycan irsinə, geninə sahib çıxmaq deməkdir.

Dövlət tərəfindən ev almışam. Ona qədər Bülbülə kəndində yaşayırdım. Fəxri adlar verilib, bu günlərdə Prezidentimiz növbəti dəfə diqqət göstərdi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzaladı.

Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə mükafatlandırıldım. 23 ildir burada dərs deyirəm. Mənim kimi onlarla sənətkar var. Bütün bunlar bizə verilən qiymətdir, dəyərdir. Biz bu insanın  etdiklərini necə görməyə bilərik?  Kim xəstələnir, müalicəyə ehtiyac duyur, dərhal dövlət dəstək göstərir. Mədəniyyət xalqın güzgüsüdür, göstəricisidir. Mədəniyyət xadimlərinə verilən dəyər göz önündədir. Mən qalib bir ölkənin vətəndaşı olmaqdan qürur yaşayıram və bu qüruru mənə yaşadan insana səs verəcəm.

0.13287997245789