Bakıda oğlunu və gəlinini baltalayan kişinin cinayət hekayəsi- Cinayətin təfərrüatı

 

Bakıda oğlunu və gəlinin öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehti İsmayılov Ali Məhkəməyə müraciət edib.

Demokratikmusavat.com xəbər verir ki, onun müraciətinə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası gələn il martın 5-nə təyin olunub.

İttihama görə, Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Mehti İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

M.İsmayılov ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib:

"Rəşad uşaqlıqdan problemli övlad olub, 6 il həbsdə yatıb. Hər gün anası ilə dalaşıb, onu döyürdü. Cəmalə Rəşadın ikinci arvadıdır. Gəlinim heç yerdə işləmirdi, amma ev işlərində yoldaşım Sevilə kömək etmirdi, bütün günü bizimlə dalaşırdı. Rəşad özü işləmirdi, hər gün məndən pul alırdı. Pulu alandan sonra da kefinə, istirahətinə xərcləyirdi, nə ailəsinə, nə də bizə baxırdı. Hər xırda məsələyə görə evdə dava-dalaş salır, tez-tez anası Sevili döyür, təhqir edirdi. O, uzun illər yığdığım pulları öz kefinə xərcləyərək məni müflis etdi. Hətta evin əşyalarını aparıb satırdı. Nəsə söz deyən kimi məni təhqir edib söyürdü. Pul verməsəm, evdəki hər şeyi satacağı ilə hədələyirdi".

M.İsmayılov bildirib ki, bütün bunlardan sonra oğlunu öldürmək qərarına gəlib: "Yerimdə uzanmışdım, birdən son günlər Rəşadın etdiyi hərəkətlər yadıma düşdü, onu öldürmək qərarına gəldim. Həyətdən baltanı götürüb evə girdim, sakitcə Rəşadın yatdığı otağa keçdim. Rəşada yaxınlaşıb yatdığına əmin oldum, sonra baltanın arxa hissəsi ilə onun başına vurdum. Amma Rəşad ölmədi, həmin vaxt gəlinim Cəmalə oyanıb məni itələdi. Cəmalənin aralanması üçün baltanı bir-iki dəfə ona tərəf havada yellədim. Bu vaxt Rəşad ayağa qalxdı və əli ilə başından tutaraq qapıya doğru getdi. Səs-küyə həyat yoldaşım Sevil gəldi və Rəşadla birlikdə baltanı əlimdən aldı. Sonra öz otağıma keçib yerimdə oturaraq düşünməyə başladım. Baş verənlərdən qurtulmaq üçün özümü öldürmək istədim. Mətbəxə keçib boğazımı kəsmək istədim. Bu zaman qonşuluqda yaşayan Vahid gəldi və əlimdən bıçağı aldı".

Məhkəmədə dindirilən Rəşad İsmayılov atası ilə yola getmədiklərini təsdiqləyib: "Atam gecələr qışqırırdı, yatdığım otağa icazəsiz daxil olurdu və dəfələrlə bıçaqla özünü öldürməyə çalışmışdı. Buna görə biz yatdığımız otağın qapısını qıfılla bağlayırdıq. İçəri necə daxil olduğunu bilmirəm. Səhər saatlarında başımdan zərbə alanda oyandım, üzümdən qan axdığını gördüm. Həmin vaxt nə baş verdiyini anlamadım. Özümü toparlamağa çalışsam da, huşsuz olduğumdan ayağa qalxa bilmədim. Otaqdan Cəmalənin qışqırıq səslərini eşitməyə başladım, amma başımdakı ağrıdan hərəkət etməyə gücüm olmadı. Son olaraq atamın əlindən baltanı alıb həyətə tulladığımı, sonra uzandığımı xatırlayıram. Ayılanda artıq xəstəxanada idim".

Qeyd edək ki, Mehti İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətə azadlıqdan məhrum edilib.

 

0.15885877609253