Atasını öldürmək üçün plan qurdu, mağazadan bıçaq alıb... - Qətlin təfərrüatı

 

Bakıda atasını qətlə yetirməkdə təqsirli bilinən Cahangir Şükürlünün (adlar şərtidir) cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, 2021-ci il fevralın 13-də Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, 85-də yerləşən evin həyətində üzərində zorakılıq əlamətləri ilə 1971-ci il təvəllüdlü Cavanşir Şükürovun meyitinin aşkar edilməsi barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü Cahangir Şükürlünün ailə münaqişəsi zəminində atasına bıçaqla çoxsaylı xəsarətlər yetirib, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, bir neçə saatdan sonra Ziya Bünyadov prospektində saxlanılaraq, istintaqa təhvil verilib.
  
İş üzrə təqsirləndirilən şəxs qismində Cahangir Şükürlü bildirib ki, Ağsu rayonunun, Qaraqaşlı kəndində anadan olub. Ailədə 4 övladdırlar. İki bacısı və bir qardaşı var.

3-cü sinfə qədər kənd orta məktəbində oxuyub. Sonra isə 5-ci sinfə qədər təhsilini Bakıda yerləşən 215 saylı orta məktəbdə davam etdirib. Uşaqlıq illərindən etibarən atası Cavanşir Şükürov mütəmadi spirtli içki qəbul edib, ailə üzvlərini incidib, anasını döyüb.
Bu səbəbdən anası çıxıb nənəsinin evinə gedib, atası fürsətdən istifadə edib ailə üzlərinə qarşı qarşı əxlaqsız hərəkət edib. Bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət etsələr də, sonradan şikayət ərizələrini geri götürüblər.

Təxminən 10 il əvvəl atası yol-nəqliyyat hadisəsi törədib, qəza vaxtı bir sərnişin ölüb. Atası barəsində cinayət işi başlanılıb, məhkəmənin hökmü ilə o, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bu hadisələrdən sonra Cahangir təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb. Bakıda yerləşən şadlıq saraylarından birində operator köməkçisi kimi çalışıb. 

"Həmin ərəfədə biz Sabunçu qəsəbəsinə, nənəmin yaşadığı evə köçdük. Atası azadlığa çıxdıqdan sonra anam onu bağışlayıb. Atam Qaraçuxur qəsəbəsində kirayə ev tutub. Qaraçuxurda yaşadığımız müddətdə atam köhnə vərdişlərindən əl çəkməyərək mütəmadi spirtli içki içərək, bizə əl qaldırıb. 2020-ci ilin may ayında Ağsu rayonundakı baba evimizi satıb, əldə etdiyimiz pula Balaxanı qəsəbəsində ev almışdıq. Atam Cavanşir hər xırda məsələyə görə evdə mübahisə yaradıb, təhqiredici sözlər işlədib, bizi evdən qovub. Atamın illərlə bizə qarşı etdiyi hərəkətlərindən artıq yorulub, onu cəzalandırmaq istədim. Əxlaqsız hərəkətləri yadıma düşdüyü üçün, ona nifrət edirdim".

Hadisədən 20 gün əvvəl Balaxanı qəsəbəsində yerləşən mağazadan mətbəx bıçağı alaraq, evlərinin yanında, dalandakı borunun içərisində gizlədib. Evdə atası ilə üz-üzə gələndə, hiddətlənib.

Fevralın 10-da atası içkili vəziyyətdə evdə qardaşı Cavidanla mübahisə edib, daha sonra onları evdən qovmaq məqsədi polisə zəng vurub. Növbəti 3 gün nənəsinin evində qalıblar.
Artıq dözə bilmədiyini düşünərək, qərara gəlib ki, atasına layiqincə cavab verməlidi.

Ayın 13-ü saat 20 radələrində Sabunçu qəsəbəsindən Balaxanı qəsəbəsinə gəlib, borudan bıçağı götürərək, qapının zəngini basıb. Bir neçə saniyədən sonra atası qapını açaraq çölə çıxıb, onun sərxoş olmasını hiss edi. Darvazanın yanında, sağ əlində saxladığı bıçağla boynuna ilk zərbəni vurub. Sözlərinə məhəl qoymayaraq, ardıcıl, başına, boynuna və bədənini digər nahiyələrinə xəsarətlər yetirməkdə davam edib.

 
Cahangir Şükürlü ifadəsinin davamında bildirib ki, təxminən 5-6 zərbədən sonra atası Cavanşir Şükürov huşunu itirərək yerə yıxılıb. Cahangir onun öldüyünü görüb hadisə yerindən uzaqlaşıb. Balaxanı qəbiristanlığında bıçağı qəbirlərdən birinin arxasında, torpaqda gizlədib. Sabunçuya qayıtdıqda, nənəsi artıq hadisədən xəbəri olduğunu və polisə təslim olmağını deyib. Əl-üzünü yuyaraq Xırdalan şəhərinə, bacısının evinə gedib. Bacısına hadisəni danışandan sonra qərara gəliblər ki, 12-ci Polis Şöbəsinə getsinlər. Cahangir Şükürlü qeyd edib ki, hadisə vaxtı ətrafda heç kəs olmayıb. O, xəsarət yetirərkən atası müqavimət göstərməyib və köməyə heç kimi çağırmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Şükürov ifadəsində göstərib ki, qardaşı Cavanşir spirtli içki aludəçisi olub:
 
“Ailə üzvlərimin qardaşımgilə get-gəlişləri az olub, bacardıqca onunla ünsiyyət saxlamamışıq. Qardaşım illərlə arvadına, uşaqlarına əzab-əziyyət verərək, onları döyürdü. Ümumiyyətlə, Cavanşir aqressiv xasiyyətə malik olub. 

Qardaşım oğlunu qınamıram, bütün günahlar qardaşımdadır. Cahangir xasiyyətcə sakit, təmkinli və tərbiyəli oğlandır. Baş vermiş hadisənin səbəbi - Cavanşirin bütün ailə üzvlərini bezdirməsi, onlara əzab-əziyyət və zülm verməsi olub”.

Məhkəmə iclasında Cahagir Şükürlü ittihamıar üzrə özünü təqsirli bilməyib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını bildirərək ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib. 

Məhkəmə hesab edib ki, Cahangir Şükürlünün əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu ( köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cahangir Şükürlü 14 il müddətinə azadlıqdan məhrum olunub.

0.20844602584839