Dostunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 

Bakıda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Akif Məcidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Demokratikmusavat.com" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası noyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, ilkin araşdırmalar zamanı məlum olub ki, iyunun 27-də axşam saatlarında 1985-ci il təvəllüdlü Z.Nəmətov, tanışı 1995-ci il təvəllüdlü Akif Məcidov və digər dostları Qala qəsəbəsində yol kənarındakı çay evinə toplaşıblar. Bu zaman Z.Nəmətova bir neçə dəfə zəng gəlib və o, dostlarının yanında telefonla danışıb. Z.Nəmətovun telefonda uzun-uzadı danışmasına qıcıqlanan A.Məcidov ona irad bildirib. O, Zaura “Problemlərini başqa vaxt həll elə, bura çay içib söhbət etməyə toplaşmışıq” deyib. 

Z.Nəmətov özündən 11 yaş kiçik olan Akifin sözlərini qəbul etməyərək onunla mübahisə edib və bu zaman təhqiramiz sözlər işlədilib. 

Dalaşan şəxsləri digər dostları sakitləşdirərək masa ətrafına əyləşdiriblər. Gecə saat 23 radələrində onlar çay evini tərk edərkən Zaurla Akif yenidən dalaşıb, bu zaman bir qədər kənarda olan dostları dərhal müdaxilə edə bilməyiblər. A.Məcidov tanışına bıçaqla ağır xəsarət yetirib. 

Zaur Nəmətov aldığı xəsarətdən vəfat edib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Akif Məcidov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

0.15585088729858