Köhnə Azərbaycan filmləri həm maraqlı ssenariləri, həm aktyorları, həm də də indiyədək dilimizə hopan ifadələri ilə yaddaşlarda iz buraxıb.
Bu filmlərlə bağlı digər diqqət çəkən məqam isə çəkilişlər zamanı kadr arxasında yaşananlardır.
"Demokratikmusavat.com" filmlərimiz haqqında bir sıra maraqlı faktları təqdim edir.
“O olmasın, bu olsun” filmində Məşədi İbad roluna aktyor Mirzəağa Əliyev ifa edəcəkdi. Lakin çəkilişlər yenicə başlayanda aktyor dünyasını dəyişdiyi üçün bu rol Əliağa Ağayevə həvalə edilib.
Rejissor Hüseyn Seyidzadə hambal obrazının ifaçısı Əhməd Əhmədova başını ülgüclə ortadan qırxdırmasını tapşırır. Aktyor bununla razılaşmasa da, sonradan "İncəsənət qurban tələb edir" deyərək tələbi qəbul edir.
Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən qapının açıldığı səhnədə sənətçi kiçik barmağını sındırıb.
O zaman əfsanəvi hind aktyoru Rac Kapur Azərbaycanda olub və rejissor Hüseyn Seyidzadəyə "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm" deyib ölkəsinə də dəvət edibmiş.
"Mən ki gözəl deyildim" filminin çəkilişi zamanı isə partlayış səhnəsi çəkilirmiş. Bu zaman zabitin səhlənkarlığındanmı, yoxsa ehtiyatsızlıqdanmı partlayış baş verib. Nəticədə cavan rejissor Ramiz Əliyev, Arif adlı operator və daha iki nəfər vəfat edib, həmçinin döyüş səhnələrində çəkilişə kömək edən rus əsilli polkovnikin ayaqları kəsilib. Ümumən dörd nəfər xəsarət alıb. Bundan sonra Rasim Ocaqov operator kimi ekran əsərindən imtina edib və işi Tofiq Tağızadə başa çatdırıb.
Bəzi dialoqları az qala zərbi-məsələ çevrilən "Təhminə" filmi də başı bəlalı olub.
Zaurun "ütü düzəltmə" səhnəsi çəkiləcəyi vaxt aktrisa Meral Konrat gəlib çıxmır. Arxasınca adam göndərilsə də, onu tapa bilmirlər. Sonradan onun xəstəxanada olması ilə bağlı xəbər gəlir.
Sən demə, bir il əvvəl Meral Konrat İstanbulda əməliyyat edilərkən qarnında pambıq topası unudulubmuş. Onun həyatı təhlükədə olduğu üçün dərhal əməliyyat edilir və çəkilişlərə 20 gün fasilə verilir.
Bundan əlavə çəkilişlər zamanı Zaur "Volqa" ilə Mərdəkan yolunda şütüyərkən qəzaya düşür və ayağı möhkəm əzildiyindən film yenə təxirə salınır.
1945-ci ildə yeni çəkilən “Arşın mal alan” filmi Moskvada bədii şura üzvlərinin tənqidinə məruz qalmışdı. SSRİ lideri Stalin filmi çox bəyənir və 3 dəfə ardıcıl izləyir. Film ən nüfuzlu Stalin Mükafatına layiq görülür. Aktyorların təltif siyahısında Rəşid Behbudovun adını görməyən Stalin “o yaraşıqlı oğlanın adı niyə yoxdur?” deyib və aktyoru təltif siyahısına salır.
Ekran işi qısa zamanda 16 milyon tamaşaçı toplayır, 86 dilə dublyaj olunur, 136 ölkədə nümayiş edilir. Hətta Çin variantı da çəkilir.
"Ögey Ana" filmi - İsmayıl (ceyhun Mirzəyev) və Cəmilənin (Sevinc Axundova) suya yıxılması səhnəsi beş dəfə, oktyabr ayında çəkilib və nəticədə aktyorlar xəstələniblər.
Yarasa səhnəsində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə edilmişdi.
İsmayıl rolunu canlandıran Ceyhun Mirzəyev təhlükəli epizodlarda yer almayıb. Dağdan çiçəyin qopardılması və partlayış səhnəsini İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev oynayıb.
“Fəryad” filminin çəkişiləri zamanı isə Ceyhun Mirzəyevə sui-qəsd olunub. Ssenariyə əsasən, İsmayıl balaca qızın zorlanma xəbərini eşidir, özünü ermənilərin mövqeyinə yetirərək bu alçaqlığı edən ermənini öldürür. Aktyor səhnənin çəkilişi zamanı ağacların arasında qaçarkən yerə yıxılır. Ona qurulan nazik sim tələsinə ilişən sənətçi son anda əlini irəli verərək boğazını üzülməkdən xilas edir. Əli kəsilən Mirzəyev xəstəxanaya aparılır.
“Qayınana” filmində isə maraqlı məqam ekran işinin “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda ərsəyə gəlməsidir. Rəssam Nadir Zeynalovun dekorasiyası ilə çəkiliş meydançası həqiqi evə bənzəyib.
Filmdə rol alan Fuad Poladov əvvəl İlqar obrazı üçün dəvət edilib, amma sınaqdan keçməyib. Rejissor onu Ayaz rolu üçün münasib bilib.
Bu rola isə Ceyhun Mirzəyev dəvət edilsə də, sonradan qərar dəyişilir.
1993-cü ildə çəkilən “Yuxu” filmində isə baş rolu Bəhram Bağırzadə oynamalı idi, lakin görkəmi obraza uyğun olmayıb. Onun yerinə 16 yaşlı İlham Qasımov çəkilib ki, aktyoru Bəhram Bağırzadə özü tapıb.