Arvadını amansızlıqla öldürən ər məcburi müalicəyə göndərilib

 

Bakıda arvadını öldürməkdə ittiham olunan İlham Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmənin qərarı ilə İlham Həşimovun anlaqsız olduğu məlum olub və müalicə almaq üçün Respublika Psixiartiya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bu il yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

İstintaqın gedişində təqsirləndirilən İlham Həşimovun ittihamı ağırlaşdırılıb. Ona yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham verilib.

0.15174388885498