"Qaranlıq idi deyə, bilmədin bıçaq ona haçan girib" - Bakıdakı qətlin təfərrüatı

 

Bakıda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Famil İsmayılovun (adlar şərtidir) cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, Xətai rayonunun prokurorluğundan verilən məlumata görə, rayon ərazisində 1987-ci il təvəllüdlü İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1987-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Famil İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş ürə dindirilmiş Famil İsmayılov ifadəsində bildirib ki, fevarın 15-i gecə saat 3 radələrində yaşadığı tikiliyə İsmayıl Xankərimov tanımadığı şəxslə gəlib. Qapının yanında dayanan İsmayıl ondan bir söz soruşmaq istədiyini söyləyəndə, gec olduğunu deyib və tanışından getməsini tələb edib. 

"Saat 3 idi, yanında bir nəfər adamla gəldi. Dedim, bu vaxtı nə istəyirsən? Dedi, elə buradan keçirdim, görüm neyləyirsən. Söylədim ki, saat 3-də mənə heç nə lazım deyil. Mənim belə deməyim, bunun xoşuna gəlmədi. Dedim, çıx get burdan".

Çölə çıxanda İsmayıl kobud sözlər işlədərək ona əl-qol atıb. Səs-küyə oyanan atası yatdığı evin pəncərəsindən nə baş verdiyini soruşanda ona heç nə olmadığını və yatmasını bildirib. 
İsmayıla sabah görüşəcəklərini deyib, onları sakitliklə yola salmağa çalışsa da, tanışı yerdən daş götürüb üzərinə gəlib. Uca səslə söyüş söyərək paltarından tutub onu yerə yıxıb. 

Famil İsmayılov ifadəsini davamında bildirib ki, süpürləşərkən yerdə qara dəstəyli bıçağı görüb və cəld götürüb. Bıçağın İsmayıla məxsus olduğunu və ona xəsarət yetirmək istədiyini düşünərək tanışına zərbə endirib.

"Əl-qol atdı mənə, başladıq süpürləşməyə. Yerdə yıxılanda, gördüm ki, böyrümdə yerdə bıçaq var. Götürüb qorxutmaq istədim ki, qorxub çəkilsin. Qaranlıq idi deyə, bilmədin bıçaq ona haçan girib".

İsmayıl hadisə yerindən getsə də, küçədə qanaxmadan dünyasını dəyişib.

Famil bildirib ki, əsəbi olduğundan yata bilməyib. Əraziyə çıxıb gəzməyə başlayıb. Hövsan qəbiristanlığına gedib anası və qardaşının məzarını ziyarət edib. Polis əməkdaşı zəng edərək onu 36-cı polis bölməsinə çağırıb. Ora gedərək İsmayıl Xankərimovu öldürdüyünü etiraf edib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Arzu Qasımova ifadəsində göstərib ki, oğlu İsmayıl Xankərimov əvvəllər məhkum olunub. 

Fevralın 16-da İsmayılın bir nəfərlə dava etdiyini ona bıçaqla yüngül xəsarət yetirildiyini və hazırda xəstəxanada olmasını oğlunun Çinar adlı dostundan eşidib. 

Bir neçə saatdan sonra polis əməkdaşları evə gələrək oğlunun öldüyünü deyiblər.

İstintaq zamanı bilib ki, İsmayılı Famil adlı şəxs qətlə yetirib.  

Şahidlər dindirilən zaman məlum olub ki, Famil İsmayılov narkotik satışı ilə məşğul olub.
Qətlə yetirilən İsmayıl Xankərimov da narkotik istifadəçisi kimi ondan narkotik vasitə alırmış. Hadisə baş verən gün İsmayıl Famildən narkotik alaraq istifadə edib. Daha sonra yenidən narkotik üçün Familin yanına gedib. Bu zaman pula görə onlar arasında mübahisə olub.
İsmayıl Familə bir bıçaq vurandan sonra yaralı qaçmağa başlayıb. Famil yaralı vəziyyətdə İsmayıldan qaçsa da, küçədə köməksiz vəziyyətdə qalıb və qanaxmadan dünyasını dəyişib.

Məhkəmə prosesi zamanı Famil İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza təyin olunmasını xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Famil İsmayılov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

0.1565580368042