Bakıda 28 yaşlı gənci qətlə yetirən yeniyetmələrə hökm oxunub

 

Bakıda qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman Mənsumovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aleksandr Serebrennikov və Elman Mənsumov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən il oktyabrın 09-u saat 20 radələrində Sabunçu rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkar edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

0.15407991409302