İki azyaşlı qızı ilə birgə binanın 5-ci mərtəbəsində atılan ananın məhkəməsi yekunlaşıb. Azyaşlılardan biri dünyasını dəyişib, ana və digər uşağı isə sağ qalıb. Sağ qalan ana barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq yekunlaşandan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ölkə.Az" xəbər verir ki, ittihama görə hadisə 2022-ci ilin iyul ayında Yasamal rayonunda baş verib. 25 yaşlı Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 4 yaşlı Abbasova Sofiya Ruslan qızı və 3 yaşlı Abbasova Sara Ruslan qızı ilə birgə binanın 5-ci mərtəbəsindən atılıb.
Nəticədə 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların həyatını xilas etmək mümkün olub.
İstintaqla müəyyən edilib ki, Aytən Abbasova bir evdə yaşadığı qayınanası ilə mütəmadi olaraq dava edib. Sonuncu dava zamanı ona zərbələr endirib. Bundan sonra qayınanası bu haqda Rusiyada yaşayan oğluna Aytənin əri Ruslana zəng vurub gəlininin onu 60 illik yubileyini təbrik etmək əvəzinə dalaşdığını bildirib.
Anasının narahatlığına görə, Ruslan arvadına zəng vurub acıqlanıb. Bakıya qayıdacağını və onu cəzalandıracağını deyib. Bundan əsəbiləşən Aytən onlardan qisas almaq qərarına gəlib. Özünü uşaqları ilə birlikdə binadan atıb.
Sağalandan sonra Aytən Abbasovaya CM-nin 120.2.4 ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29.120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham verilib barəsində polisin ənzarəti altına verilmə qəti imkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib.
Aytən Abbasova məhkəmədə hadisəni və əvvəllər nə danışdığını xatırlamadığını deyib.
"Heç nə yadımda deyil. Mən belə bir hadisə törətməmişəm. Övladlarım yaşayır mənim".
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hadisə vaxtı yüksək hiss həyəcan içində olduğunu və hazırda heç nəyi yadına sala bilmədiyini deyib.
Aparılan məhkəmə istintaqı təyin olunan ekspertizalarla Aytən Abbasovanın hadisəni törədərkən anlaqsız olması qənaətinə gəlib.
Hakim Novruz Kərimovun elan etdiyi hökmə əsasən Aytən Abbasova hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib.
Onun barəsində ümumi tipli psixatriya stansiyanarında tibbi xarakterli məcburi müalicə təyin olunub.
Natiq