Prezident 2020-ci ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib. Yeni qaydalara görə, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd (diplom, attestat və s.) formasında təhsil haqqında dövlət sənədi verilməlidir. Bu tələb ali məktəb diplomlarına, orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomlarına, ümumtəhsil məktəblərinin attestatlarına və təhsil arayışlarına da şamil olunacaq.
Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, xeyli müddət keçməsinə baxmayaraq hələlik Elm və Təhsil Nazirliyi (ETN) rəqəmsal təhsil sənədlərinin verilməsinə başlamayıb:
"Bildiyim qədər ETN artıq bununla bağlı yeni Qaydaları hazırlayıb və digər qurumlarla razılaşdırmalara təqdim edib.
Düşünmək olar ki, bu xidmətin reallaşması üçün bir neçə dövlət qurumunun informasiya sistemlərinin də inteqrasiyasına ehtiyac var.
Bizdə isə məlum olduğu kimi, müəyyən işlər görülsə də, hələlik dövlət qurumları arasında inteqrasiya prosesləri tam başa çatmayıb.
Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)də dəstəyi ilə cari tədris ilinin sonuna ETN "rəqəmsal diplom" xidmətini reallaşdıra biləcək.
O.Gündüz İRİA-nın MyGov-da olan bəzi sənədləri rəqəmsallaşdıracağı ilə bağlı açıqlamasını da xatırladıb:
"Məlum olduğu kimi hazırda bu servisdə olan hansısa məlumatlar sadəcə bir informasiyadır, hüquqi qüvvəsi olan bir sənəd hesab edilmir.
Ümid edirəm, diplomlar haqqında məlumatlar da İRİA-nın rəqəmsallaşmaq istədiyi sənədlər siyahısına daxil edilib.
Ümumilikdə isə diplomların, attestatların, hansısa sertifikatların rəqəmsal formada təqdim edilməsi, onların rəqəmsal bazalarda yerləşdirilməsi əhəmiyyətli bir addımdır.
Bununla da saxtakarlığın, saxta diplomların qarşısnı almaq, bu tip sənədlərin həqiqiliyini yoxlamaq daha asan olacaq.
Həmçinin rəqəmsal təhsil sənədləri bazalarına giriş imkanı olanlar üçün mütəxəssislərlə bağlı daha güvənli və əlçatan informasiyalar formalaşmış olacaq.
Düşünmək olar ki, bundan sonra diplomların notarial təsdiqi də öz əhəmiyyətini itirmiş olacaq".
Mütəxəssis diplomlar haqqında arayışların məhdud dövrü əhatə etməsinə də münasibət bildirib:
"Yeri gəlmişkən, hazırda MyGov-da Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom haqqında arayış" adlı elektron xidmət var. Təəssüf ki, hələlik bu bazadan yalnız məhdud bir dövr üçün diplomlar haqqında məlumat əldə etmək mümkündür. Bir müddət bu istiqamətdə sürətli işlər getsə də, sonradan bu proses xeyli ləngidi.
Ümid edirəm, diplomlar rəqəmsallaşandan sonra indiyədək mövcud olan bütün diplom bazası da rəqəmsallaşdırılacaq və əlçatan olacaq".
Billurə