Qubada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Nübar İsazadə və İftixar Ağayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
"Ölkə.Az" xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, ittihama əsasən, N.İsazadə axundun tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yaymaqla axundu hədələyərək ondan 75 min manat tələb edib.
Nübar İsazadə və İftixar Ağayev Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli biliniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, N.İsazadə 10 il, İ.Ağayev isə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Hər iki şəxs məhkəmə zalında həbs olunublar.