Sumqayıtda tanışını bıçaqlayaraq xəsarət yetirməkdə təqsirli bilinən Fuad Quliyev məhkəməyə apellyasiya şikayəti verib.
"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq
İş üzrə məhkəmə baxış iclası oktyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 17-fə Siyəzən rayonunda qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Fuad Quliyev tanışı, 1973-cü il təvəllüdlü Rövşən Bəybala oğlu İsmayılovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Fuad Quliyev tutularaq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı Fuad Quliyev ifadəsində bildirib ki, hadisə günü zərərçəkmiş Rövşən ona zəng edərək borc pul istəyib. O, isə zərərçəkmişi söyüb. Təqsirləndirilən şəxs deyib ki, həmin gün həddindən artıq spirtli içki içibmiş. O, yolda Rövşənlə rastlaşdığını, onu yerə yıxdığını söyləyib. Lakin Rövşəni necə vurduğunu belə xatırlamır. Polis bölməsində olarkən ona zərərçəkmiş şəxsi vurduğunu deyiblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fuad Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.