Bakıda oğlunu qəsdən yandıraraq ölümünə səbəb olmaqda təqsirli bilinən Aydın Mehdiyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Buzovna qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nəciməddin Əsgərovun yaşadığı evin qarşısında üstünə benzin tökülərək yandırılması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutularaq istintaqa cəlb edilib.
A.Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nəciməddin Əsgərov hadisədən 4 gün sonra xəstəxanada vəfat etdiyindən həmin iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilib.
İş üzrə dindirilmiş Aydın Mehdiyev ifadəsində göstərib ki, 1996-cı ildə Sahibə Qəmbərova ilə ailə həyatı qurub və həmin nigahdan oğlu Nəciməddin ilə qızı Aytac dünyaya gəlib.
2013-cü il iyulun 24-də işləmək üçün rusiyaya gedib ailəsi isə Bakıda qalıb. Sentyabrın 8-də işi alınmadığı üçün Buzovna qəsəbəsində yerləşən evinə qayıdıb. Arvadı onu pulsuz qayıtmaqda günahlandırıb və evdən qovub. Bu səbəbdən evlərinin yanındakı dayanacaqda qalıb.
Növbəti gün ərzində Aydın qayınlarının vasitəsi ilə öz evinə qayıdıb. Lakin arvadı ilə münasibətləri kəskin həddə çatıb. Axşam düşəndən sonra maştağa yolundakı yanacaqdoldurma məntəqəsinə gedib. Evdən götürdüyü 5 litrlik qaba benzin doldurub evə gətirib və həyətdə gizlədib. Həmin benzini alaraq gizlətməkdə məqsədi özünü yandırmaq olub. Arvadı benzin doldurduğu qabı tapıb bunun nə olduğunu soruşduq da, Aydın onun benzin olduğunu və özünü öldürəcəyini deyib. Bu səbəbdən aralarında yenidən mübahihə düşüb. O, arvadının əlindən qabı almaq istədik də Sahibə onu yerə atıb. Qab yerə möhkəm dəydiyi üçün qapağı açılıb və yanacaq axmağa başlayıb. Qabı həm özü həm də oğlu ilə arvadı dartdıqları üçün benzin onunla oğlu Nəciməddinin üstünə tökülüb. Sahibə qorxaraq qaçıb və anasını çağırıb. Bu zaman Aydın özünü yandırmaq üçün cibindən alışqan çıxarıb od vurub. Alov onun əllərindən oğlu Nəciməddinə keçib. Alovdan sonuncunun paltarları alışmağa başlayıb. Bunu görən kimi qorxusundan evin yanından qaçıb və bir neçə saatdan sonra polis bölməsinə gedib.
Zərərçəkən Sahibə Qənbərova bildirib ki, oğlunun əynində qara rəngli sintetik materiladan olan şort və mavi rəngli köynək olub. Həmin köynəyi Nəciməddin yanan vaxt anası gil əynindən cırıb çıxarıblar. Şort isə əyninə yapışdığından xəstəxanada çıxarılıb.
Oğlu atasının benzin aldığını xəbər verdik də, Aydının onları evdə yatdıqları vaxt yandıracağını və evə od vurub qaçacağını düşünüb. Aydın Mehdiyev benzin töküb onu yandırmaq istəyən də küçəyə qaçıb və bir az aralıda yerə yıxıldığı üçün sağ əl və sol dizindən xəsarət alıb. Arxaya baxdıqda Nəciməddinin yana-yana üstünə gəldiyini görüb. Həmin vaxt anası qapını açıb. Qardaşı Nail və qızı küçəyə çıxıblar. Qardaşı cəld evdən nə isə götürüb oğlunu büküb və sonra təcili tibbi yardım çağırıb. Oğlu 4 gündən sonra xəstəxanada vəfat edib.
Zərərçəkən qeyd edib ki, əyər oğlu ərini itələyib yerə yıxmasaydı və həmin vaxt o fürsət tapıb qaçmasaydı Aydın onu öldürəcəkdi.
2013- cü ilə dekabrın 2-də Aydın Mehdiyevə qarşı CM-nin 120.2.4-cü ( xüsusi amansıqlıqla qəsdən adam öldürmə), 29.120.2.4-cü ( xüsusi amansıqlıqla adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə yeni ittiham elan olunub.
Məhkəmə prosesində Aydın Mehdiyev ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmə hesab edib ki, Aydın Mehdiyevin ifadəsində benzini güya özünü yandırmaq məqsədi ilə alması barədə göstərdiyi xüsusatlar həqiqətə uygun olmayıb. O, özünü müdafiə edib məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyıb. Onun öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq materialları ilə tam təkzib olunub.
Sonda məhkəmənin hökmü ilə Aydın Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum olunub.