Bakıda kafe sahibinin azyaşlı oğlunu qaçırıb 200 min manat pul tələb etməkdə ittiham olunan Sakit Əlişov və Şahin Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda ittiham aktı oxunub.
Məhkəmənin növbəti baxış iclası oktyabrın 31-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu il martın 25-də saat 22 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində baş verib. İki nəfər kafe sahibinin başına dəmir parçası ilə xəsarət yetirərək, azyaşlı oğlunu zirzəmiyə aparıblar. Burada onu stula bağlayaraq bıçaqla hədələyib atasından 200 min manat pul tələb ediblər. Sonradan isə 20 min manat müqabilində uşağı verməyə razılaşıblar.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.