Xəzər rayonunda qisas məqsədi ilə qohumunu qətlə yetirməkdə təqsirli bilinən Qorxmaz Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, Şüvəlan qəsəbəsində, “Pansionat” adlanan ərazidə Laçın sakini, 34 yaşlı Qorxmaz Əliyev qisas almaq məqsədilə kustar üsulla hazırlanmış tapançadan iki dəfə atəş açaraq, 41 yaşlı qohumu Sərvər Quliyevi yaralayıb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə həmin gecə Xəzər RPİ-yə təslim olub. Yaralanan S.Quliyev bir müddətdən sonra vəfat edib.
İş üzrə dindirilmiş Qorxmaz Əliyev ifadəsində göstərib ki, noyabrın 17-də dayısı qızının toy mərasimində iştirak etmək üçün əmisinin sifarişi ilə gələn mikroavtobusla Şamaxıya gediblər. Bir ay əvvəl tapdığı tapancanı üzərində götürüb ki, toyda atəşfəşanlıq vaxtı lazım olsa havaya atəş açsın.
Ümimiyyətlə uşaqlıqdan silaha həvəsi olub. Lakin hadisə baş verən günə kimi həmin tapancadan istifadə etməyib. Valideynləri onda silah olduğunu bilməyiblər. Xaslası oğlu Anar Hüseynov sərxoş olduğundan anası toydan evə tez qayıtmalı olduqlarını deyib.
Yolda Anar əvvəlcə dayısı sonra isə anası ilə mübahisə edib. Qohumlar Anarı sakitləşdirəndən sonra o, yatıb. Amma Bakıya çatmağa az qalmış yuxudan oyanıb təkrarən nalayiq sözlərlə hamını təhqir etməyə başlayıb. Yanlarında qadın və uşaq olduqlarını desələr də, heç kimə qulaq asmayıb. Axırda məcbur qalıb 20 yanvar dairəsinə çatanda Qormaz Anarı maşından düşürüb və yumruqla sifətinə bir zərbə vurub.
Saat 23:00 radələrində həyat yoldaşı və uşaqları ilə Şüvəlan qəsəbəsində yaşadığı pansionata çatıb. Həyətdə Anarın ögəy qardaşı Sərvər Quliyevin avtomobilini görüb. Arvadı ilə uşaqları evə keçəndən sonra Sərvər ondan acıqla qardaşını vurub avtobusdan düşürməsinin səbəbini soruşub. Bu vaxt Anarda ağacların arasından çıxıb qaranlıqda yaxınlaşaraq ünvanına söyüş söyüb. Sərvər başı ilə ona zərbə vurub. Qorxmaz zərbənin təsirindən səndələyib. Anar arxadan ayağından vurub onu yerə yıxıb. Ardınca Sərvərlə birlikdə yerdə olduğu halda ona zərbələr endiriblər.
Qorxam Əliyev ifadəsinin davamında bildirib ki, hadisə vaxtı Sərvərə baş verənləri deməyə macla tapmayıb. Əslində Quliyev özü də, bunu izah etməyə aman verməyib. Onu qəflətən kəllə ilə vuracağını gözləməyib. Çünki aralarında düşmənçilik olmayıb. Onu öldürəcəklərini görüb yerdən qalxıb bir qədər irəli qaçıb. Lakin onlar çataraq yenidən zərbələr vurduqları üçün yerə yıxılıb. Məcbur qalıb uzadığı vəziyyətdə tapancadan iki dəfə göyə atəş açıb. Atəşi hansı istiqamətdə açdığını və kimə yönəltdiyini bilməyib.
Q.Əliyevin sözlərinə görə, atəş açarkən Sərvər onu təpikləyib, həmin anda silah Qorxmazın əlində əyilib və güllə boyun nahiyəsinə tuş gəlib. Daha sonra hadisə yerinə atası gil gəlib və köməkləşib yaralını xəstəxanaya çatdırıblar. Özü isə həmin gecə könüllü polisə təslim olub.
Məhkəmə prosesində Qorxmaz Əliyev qəsdən adam öldürmə maddəsi ilə özünü təqsirli bilməyib.
Zərərçəkmiş Anar Hüseynov məhkəmədən ona qanuna müvafiq cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsdən şıkayətçidi onun qanunsuz hərəkətləri nəticəsində dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
Sonda məhkəmənin hökmü ilə Qorxmaz Əliyev CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.