Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlər - Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Demokratikmusavat.com" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası sentyabrın 26-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxslər Bakıda “pub”dan çıxan şəxsə quldurluq edilib, onu döyərək 8 min 512 manat pulunu, sənəd və pul kisəsini ələ keçiriblər.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən X.Ələsgərov, N.Kərimov, V.İsmayılov və əvvəllər məhkum olunmuş T.İlyaslı saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyərək quldurluq yolu ilə həmin vəsaitləri ələ keçiriblər. Dəstə üzvləri pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.