Sabirabad rayonunda tanşlarını öldürməyə cəhddə təqsirli bilinən Mircavid Mövsümov və Seyidəli Mövsümov Ali Məhkəməyə müraciət ediblər.
"Ölkə.az" xəbər verir ki, onların müraciətinə hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.
İş üzrə məhkəmə baxış iclası dekabrın 13-nə təyin olunub.
Qeyd edək ki, 16.07.2020-ci il tarixdə Sabirabad rayonu, Türkədi kənd sakini 1982-ci il təvəllüdlü Fuad Məmmədovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğa məlumat daxil olub.
İstintaqla zərərçəkmişin tanışları Mircavid Mövsümov və Seyidəli Mövsümovun avtomobillə hərəkətdə olan zaman Fuad Məmmədova məxsus avtomobili qəsdən vurmaqla qarşısını kəsmələrinə, bundan sonra ona balta və metal boru ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mircavid Mövsümov və Seyidəli Mövsümova Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilib.