Bakıda arvadını öldürüb su hövzəsinə atan Nazim Cəfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, 7 il əvvəl baş verən cinayət işinin üstü 2019-cu ilin mart ayında açılıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Nazim Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Müəyyən edilib ki, Nazim Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində 30 yaşlı həyat yoldaşı Kamilə Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.
2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Bu səbəbdən Kamilə Cəfərova kimsəsizlər qəbristanlığında dəfn olunub.
Təqsirləndirilən qismində dindirilən Nazim Cəfərov bildirib ki, Kamilə Cəfərova ilə 2000-ci ildə rəsmi qaydada ailə həyatı qurub. Nikahdan biri oğlan, digəri qız olmaqla iki övladı var. Həyat yoldaşı Kamilə onun ögey dayısı qızı olub. Bir müddət Cəlilabad rayonunda yaşasalar da, sonradan Qobustan qəsəbəsində ev tikərək ailəsini ora gətirib. Nazim Səfərov taksi fəaliyyəti ilə məşğul olduğundan günün çox hissəsini evdə olmayıb. Kamilənin kənar şəxslərlə danışmasından və görüşməsindən şübhələnib. Onun hərəkətlərindən bezib. Yoldaşı artıq Qobustandan şəhərə köçərək özünün də işləyib pul qazanmaq istədiyini bildirib. Bununla bağlı yaranan mübahisələrə görə, nəhayət, onunla razılaşıb. Səbail rayonu 20-ci sahə adlanan ərazidə kirayə ev tutub. Özü Qobustanda tikintidə fəhlə işlədiyindən qəsəbədəki evində qalıb.
Təxminən 10 gündən sonra ailəsinə baş çəkmək üçün kirayə tutduğu evə yollandıqda ev sahibi Kamilənin uşaqları da götürüb çıxıb getdiyini deyib. Bundan sonra Kamilənin artıq başqa ünvanda yaşadığını bilib. Günlərin birində ora yollanıb. Evdə adam olmadığından pilləkəndə oturub gözləyib. Bir azdan Kamilə gələrək onu görüb, hay-küy salıb. Nazim heç nə demədən çıxıb öz evinə gedib. Kamilə ilə rəsmi boşanmasalar da, ayrı yaşayıblar.
Bundan sonra arvadını iki dəfə Qobustan qəsəbəsində görüb, bura niyə gəlməsi ilə maraqlandıqda qadın üstünə qışqıraraq onun kim olduğunu soruşub. Cəfərov həmin qəsəbədə yaşadığından hamı onu və ailəsini tanıyıb. Buna görə də yoldaşının etdiyi hərəkətlərə görə sakinlərdən utanıb.
2012-ci il dekabrın 7-də axşam Kamilə zəng edib, qəsəbəyə gəldiyini və onunla görüşmək istədiyini bildirib. Nazim çölə çıxaraq yoldaşı ilə evin yanında görüşüb. Kamilə ilə söhbət edərək onun stansiyanın yaxınlığında aldığı torpaq sahəsinə doğru gediblər. Qadın həmin torpağı satıb pulu ona verməsini tələb edib və onu alçaldıcı sözlərlə təhqir edib. Mübahisə zamanı o, Kamiləni sinəsindən tutub itələyib. Bu vaxt sonuncu əl çantasından bıçaq çıxarıb onu vuracağını deyib. Nazim əlindən bıçağı alıb yoldaşının döş qəfəsinə bir zərbə endirib. Qadın yerə yıxılıb və təxminən 1 dəqiqədən sonra hərəkətsiz vəziyyətdə qalıb.
Nazim Cəfərov ifadəsinin davamında bildirib ki, qadının öldüyünü görəndən sonra meyiti əllərində tutub sürüyərək çirkab suların axdığı kanala doğru gətirib və onu dəmir borunun içinə qoyub. Əl çantasından mobil telefonu və şəxsiyyət vəsiqəsini götürüb. Bıçağı qamışlığa atıb.
Daha sonra evinə qayıdıb. Oğlunun mobil nömrəsinə zəng edib evdə kim olduğunu soruşduqda, oğlu bacısı ilə tək olduqlarını anasının isə hələ gəlmədiyini bildirib. Səhərisi gün həmin ünvandan uşaqlarını götürərək atasının evinə aparıb. Bir müddət mobil telefonu və nömrəni özündə saxlayıb. Mərhumun şəxsiyyət vəsiqəsini yandırıb məhv edib. Özü Kamilənin atasına və qardaşlarına zəng vurub, yoldaşının iki uşağı qoyub çıxıb getdiyini deyib və onları evinə dəvət edib. Kamilənin valideynləri ilə birlikdə 8-ci polis bölməsinə gedərək arvadının evdən çıxıb bir daha geri qayıtmaması barədə ərizə verib.
Nazim bildirib ki, yoldaşını öldürəndən sonra təxminən 3 dəfə həmin yerə gedib baxıb və meyitin orda olduğunu görüb. Bir ildən sonra qəsəbədə dəmir yolu xəttinin yanındakı qamışlıqdan qadın meyitinin tapıldığını eşidib. Lakin yenə də bu barədə heç kəsə heç nə danışmayıb.
Vaxtaşırı onu bir neçə dəfə bölməyə çağırıb sorğu-sual ediblər. Axırıncı dəfə 2019-cu il fevralın 29-da dəvət ediblər. İnzibati qayda pozduğuna görə, barəsində məhkəmənin qərarı ilə həbs seçilib və onu Binəqədi rayonunda yerləşən inzibati həbs olunanların saxlanılma məntəqəsinə aparıblar. Orada olanda müəssənin rəisi qəbul edərək onunla söhbət aparıb. Nazim illər öncə arvadını öldürüb meyitini dəmir yol xəttinin yanında borunun içinə atdığını etiraf edib.
Çünki cinayəti törətdikdən sonra uzun müddət narahat yaşayıb və vicdanı onu rahat buraxmayıb.
Məhkəmə prosesində Nazim Cəfərov ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi nəvələrinə görə təqsirləndirilən şəxsi bağışladığını ona qarşı şikayəti və tələbi olmadığını qeyd edib.
Sonda məhkəmənin hökmü ilə Nazim Cəfərov (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq