Bakıda qadnı qətlə yetirib həyətində basdırmaqda təqsirli bilinən Telman Mövsümzadənin cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, Bakı şəhəri Pirallahı rayon sakini Ramazanova Lalə Ələmdar qızının bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin tanışı Mövsümzadə Telman Gülağa oğlunun Lalə Ramazanovanın ona irad bildirməsinə əsəbləşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla sonuncunun boğaz nahiyəsinə xəsarətlər yetirərək aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edərək qəsdən öldürməsinə və törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə meytini yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Telman Mövsümzadə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Saxlanılan Telman Mövsümzadə ifadəsində göstərib ki, fərdi qaydada avtomobil təmiri ilə məşğul olub. Viktoriya adlı qadınla qeyri-rəsmi münasibətdən 2005-ci il təvəllüdlü bir qız övladı var.
2016-cı ildə qəsəbədə İlona Kutadeladze ilə tanış olaraq onunla və qızı ilə Dəmir yolu küçəsi 25 ünvanında iki otaqlı fərdi evdə yaşayıb. Dostu Emil Mirzəyevi 2007-ci ildən tanıyır. Baş vermiş hadisəyədək yaxın dostu olub.
2019-cu ilin noyabr ayından Emil Lalə adlı qadınla birlikdə yaşayıb. 2021-ci il yanvarın 17-si saat 20:30-da Emil və Lalə onun evinə gəliblər. Masa arxasında əyləşib birlikdə yeyib-içiblər. İlona və qızı Nailədə yanlarında olublar.
Təxminən 1 saatdan sonra Emillə aralarında mübahisə yaranıb. O, əsəbi halda həmişə köməklik etdiyini, amma onun saymamazlıq edib yanına gəlmədiyini söyləyəndə, dostu işləri çox olduğu üçün tez-tez qonaq gələ bilmədiyini deyib. İşlərinin çox olmasını bəhanə kimi qəbul etdiyini bildirəndə, Emil masa arxasından qalxaraq çıxıb gedib. Evi tərk etməmişdən əvvəl onunla gedib-getməməsini soruşduqda Lalə deyib ki, "mən qalıram".
Qızı Nailə evdən getdikdən sonra İlona və Lalə ilə birlikdə spirtli içki içməkdə davam ediblər. Bir müddətdən sonra arvadı masadan qalxıb yatmaq istədiyini deyərək yataq otağına keçib. Təxminən 15 dəqiqədən sonra Emil zəng edərək Lalədən evə gəlməsini tələb edəndə qadın bir azdan gələcəyini söyləyib.
Saat 23:00 radələrində Emil haqqında danışanda, Lalə əsəbiləşib, nəyə görə onun arxasınca pis sözlər dediyini soruşub. Düz elədiyini bildirəndə, qadın onu nalayiq ifadə ilə təhqir edib. Laləni qolundan tutub ayağa qaldırıb. Bir-birinin ünvanına söyüşlər söyüblər. Bu zaman Telman şkafdan bıçağı götürüb qapını açaraq qadını əli ilə çölə itələyib. Lalənin ona şillə vurmağa cəhd etməsinə bərk əsəbiləşib bıçaqla boğazına zərbə endirib. Qadın əli ilə boyun nahiyəsini sıxıb, yerə yıxılıb və xırıldamağa başlayıb. Təzyiqlə axan qandan artıq ona köməklik göstərməyin mənasız olduğunu düşünüb. Tez ölsün deyə, sol dizini belinə qoyub. Saçlarından tutub özünə tərəf çəkərək bıçaqla boğazını kəsib.
Telman Mövsümzadə ifadəsinin davamında bildirib ki, Laləni öldürdükdən sonra onu həyətdə basdırmaq qərarına gəlib. Qazıntı zamanı belin səsi eşidilməsin deyə, televizorun səsini bir qədər artırıb. Pəncərədən yataq otağına baxdıqda, arvadının yatdığını görüb. Torpaq örtüyü yumuşaq olduğu üçün 10-15 dəqiqə ərzində təxminən 1 metr dərinliyində çuxur qazıb meyiti ora atıb. Həyətdəki qan izlərini xlorla silib sonra isə Laləninin boğazını kəsdiyi bıçağı yuyaraq götürdüyü şkafa qoyub və yatıb.
Fevralın 5-də polis şöbəsində Lalə Ramazanovanın yoxa çıxması ilə bağlı suallar veriləndə peşman olduğunu bildirib, törətdiyi cinayəti etiraf edib.
Şahid Emil Mirzəyev bildirib ki, yanvarın 18-də dostu Telman ona zəng edərək Lalənin evə gəlib-gəlmədiyini soruşanda, gecə saat 3-ə kimi gözlədiyini, lakin onun gəlmədiyini bildirib.
Yanvarın 26-da Telman həyətdəki torpaq örtüyünün üzərini betonlamaq istədiyini deyib, bunun üçün hansı miqdara sement və qum almalı olduğunu soruşub. Həmçinin bu işdə ona köməklik etməsini xahiş edib. Ona deyib ki, guya yağış yağanda həyət palçıq olur. Buna görə də betonlamaq istəyir.
Fevralın 5-də hər ikisini şöbəyə dəvət ediblər. Polis ondan Lalənin itməsi ilə bağlı hadisənin necə baş verməsini soruşub. Ardınca Telmanı qəbul edib, 15-20 dəqiqədən sonra polis əməkdaşı otağından çıxıb, onun Laləni öldürdüyünü etiraf etdiyini bildirib.
Məhkəmə iclasında Telman Mövsümzadə ittiham üzrə özünü tam təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq