Əvvəlcə müşahidə apardı, sonra isə aptekə basqın edib satıcı qadını... - TƏFƏRRÜAT

 

Bakıda aptekə basqın edərək satıcını bıçaqla hədələyib quldurluq edən Fuad Zeynallının cinayət işinin təfərrüatları məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin (PB) əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

İş üzrə dindirilmiş Fuad Zeynallı bir-birinə zidd ifadələr verib. İlkin ifadəsində hadisə zamanı əlində, ümumiyyətlə, heç bir əşya olmadığını bildirib. Əvvəllər dəfələrlə məhkum olunub. Axırıncı dəfə 2016-cı ildə cəzaçəkmə müəssəsindən azadlığa çıxıb. 

2018-ci ilin iyul ayında Seyidzadə küçəsində yerləşən paltar dükanından özünə paltar alıb çıxanda, bir qədər aşağıda yerləşən aptek onun diqqətini cəlb edib və qərara gəlib ki, bir gün orada işləyən satıcını qorxudaraq pul ələ keçirsin. Cinayəti həyata keçirmək üçün həmin apteki izləməklə şəraiti müəyyən edib. Ona məlum olub ki, hər gecə saat 24:00 radələrində bir qadın həmin apteki bağlayıb yaşlı kişi ilə evinə gedir. 

İyulun 22-də aptekin qarşısına gəlib. Təxminən 1 saata qədər oranı kənardan izləyib. Saat 22:47-də aptekə girib. Həmin vaxt başında qara papaq, əynində isə uzunqol köynək olub. Piştaxtanın qarşısında dayanıb ona uşaq əmziyi verməsini istəyib. Satıcı piştaxtadan bir ədəd əmzik götürüb kassa aparatına qayıdanda, o, artıq əməlini törətməyi qərarlaşdırıb. Satıcı ona arxadan yaxınlaşdığını görüb qorxub. Həmin vaxt onun əlində boş qara salafan torba olub. Satıcıya onunla işi olmadığını, özünün narkoman olduğunu deyərək pul verməsini tələb edib. Qadın pulların olduğu siyirmələri göstərəndən sonra ona sakit dayanıb səs salmamasını bildirib. Siyirmələri açıb, oradan kağız əsginasları götürüb. Apteki tərk edərkən satıcıya deyib ki, barəsində şikayət etsə pis olacaq. Çünki onun aptekin yaxınlığında yaşadığını bilir. 

Fuad Zeynallı pulları götürdükdən sonra aptekdən çıxıb 4-cü mikrorayona tərəf qaçıb. Sonra taksiyə əyləşib, Xırdalan şəhərinə gedib. Ələ keçirdiyi pulları cibindən çıxarıb saydıqda, 900 manata yaxın olduğunu görüb. Evdə həyat yoldaşına törətdiyi cinayət barədə heç nə danışmayıb. Səhər həmin puldan 400 manat götürüb, evdən çıxıb. Borclu olduğu iki nəfərə 265 manat qaytarıb. Həmin gün 4-cü mikororayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. 

Məhkəmə nəticəyə gəlib ki, Fuad Zeynallının əməli özünün, zərərçəkmiş şəxsin, şahid ifadələrinin və toplanmış istintaq sənədləri ilə tam sübuta yetirilib. 

O, CM-nin 181.2.3 və 2.5-ci (quldurluq yaşayış sahəsinə habelə binaya qanunsuz olaraq girməklə silah və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) maddələri ilə təqsirləndirilib.  

Sonda məhkəmənin hökmü ilə Fuad Zeynallı 10 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

0.1568500995636